iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər

iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər
Kateqoriya məlum deyil
T

“Apple”ın yeni “iPhone 18” seriyasını təqdim etməsi smartfon bazarında yenidən qiymət müzakirələrini gündəmə gətirib. Yeni modelin satışa çıxması ilə əvvəlki nəsil “iPhone”lara tələbatın və onların bazar qiymətlərinin necə dəyişəcəyi maraq doğurur.

Yeni iPhone modelinin təqdimatı köhnə modellərin qiymətinə nə qədər təsir edir? Əvvəlki modellərin qiymətləri təxminən neçə faiz ucuzlaşa bilər və hazırda iPhone almaq istəyənlər üçün gözləmək daha sərfəlidirmi?

Sfera.az bildirir ki, texnoloq Elvin Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, yeni “iPhone” təqdim olunanda köhnə modellərin qiymətində dərhal kəskin eniş olmur, amma bazar psixologiyası dəyişir:

“İnsanların diqqəti yeni modelə yönəlir, satıcılar isə əvvəlki nəsil cihazları daha tez satmaq üçün endirim və kampaniyaları artırırlar. Xüsusilə yeni model mağazalara çatdıqdan sonra əvvəlki seriyaların qiymətində daha nəzərəçarpan dəyişiklik görmək olur. Qiymətin nə qədər düşməsi isə modeldən çox asılıdır. Müşahidələrə görə, yeni və qutuda olan cihazlarda ilk mərhələdə təxminən 5-10 faiz endirim daha real görünür. İkinci əl bazarında isə qiymət itkisi daha sürətli ola bilər və bəzi modellərdə 10-20 faizə qədər enməsi mümkündür”.

Elvin Həsənovun sözlərinə görə, burada ən maraqlı məqam odur ki, yeni “iPhone” çıxanda köhnə model birdən-birə pis telefona çevrilmir:

“Sadəcə, bazarda ən yeni model statusunu itirir. Məsələn, bir il əvvəl çox güclü hesab olunan “iPhone 17” bu gün də eyni kamera, eyni prosessor və eyni funksiyalarla işləyir. Sadəcə, yeni model gəldiyi üçün onun qiyməti daha münasib olur. Ona görə də hazırda “iPhone” almaq istəyən, amma mütləq ən son modeli istəməyən istifadəçi üçün gözləmək çox vaxt sərfəli seçimdir. Yeni model satışa çıxandan sonra 2-3 həftə ərzində mağazaların qiymət siyasəti daha aydın görünür və əvvəlki modellər üzrə daha yaxşı təkliflər ortaya çıxa bilər. Amma köhnə telefonunu satıb yenisini almaq istəyənlər üçün vəziyyət əksinə olur. Yeni model bazara çıxdıqca onların əlindəki cihazın ikinci əl qiyməti də aşağı düşə bilər. Yəni alıcı üçün gözləmək üstünlükdür, satıcı üçün isə çox gözləmək bəzən əlavə dəyər itkisi deməkdir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR