Yeni həşərat növünə bu məşhurun adı verildi

Dünyaca məşhur müğənni Taylor Svift bu dəfə musiqisi ilə deyil, elm dünyasında adı ilə gündəmə gəlib.
Sfera.az xəbər verir ki, Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri Avstraliyada əvvəllər məlum olmayan 12 yeni həşərat növü müəyyən ediblər.
Yeni növlərdən bir cinsə və dörd növə Taylor Svift və onun albomlarına istinad edən adlar verilib. Yeni cins “Swiftiephylus” adlandırılıb.
Bu ad Taylor Sviftin pərəstişkarlarına verilən “Swiftie” adı ilə həşərat qrupunu ifadə edən “Phylus” sözünün birləşməsindən yaranıb.
Cinsə daxil olan dörd növ isə “Swiftiephylus taylorae”, “Swiftiephylus amator”, “Swiftiephylus intrepidus” və “Swiftiephylus poetorum” adlandırılıb.
Bu adlarda Taylor Sviftin adı ilə yanaşı, onun “Lover”, “Fearless” albomlarına və “The Tortured Poets Department” əsərinə də istinad edilib. Adların seçilməsinin başqa bir səbəbi isə həşəratların görünüşü olub.
Açıq sarı və krem rəngli, bədənlərində qırmızı detalları olan həşəratlar tədqiqatçı Sarah Şroederə Taylor Sviftin sarı saçlarını və məşhur qırmızı dodaq boyasını xatırladıb. Alimlər bildiriblər ki, bu rənglər həşəratlar üçün kamuflyaj funksiyası daşıyır. Onlar Avstraliyaya məxsus “she-oak” ağaclarında yaşayırlar. Ağacın narıncı və qırmızı çiçəkləri həşəratların ətraf mühitə uyğunlaşmasına kömək edir.
Yeni növlərin insanlar və heyvanlar üçün təhlükə yaratmadığı bildirilib.
Alimlər hesab edirlər ki, yeni növlərə məşhur adların verilməsi həm biomüxtəlifliyin qorunmasına diqqəti artırır, həm də elmi araşdırmaları daha geniş auditoriyaya çatdırır.
İradə Elsevər






