“Süni intellekt hamımızı öldürə bilər” - XƏBƏRDARLIQ

“Süni intellekt hamımızı öldürə bilər” - XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Süni intellektin sürətli inkişafı ilə bağlı narahatlıqlar artıb. Texnologiya şirkətlərinin daha güclü süni intellekt sistemləri yaratmaq uğrunda apardığı yarış bəzi tədqiqatçıların ciddi xəbərdarlıqlarına səbəb olub.

Sfera.az xəbər verir ki, “Anthropic” şirkətində çalışan və süni intellekt modellərinin təlimi üzrə ixtisaslaşan tədqiqatçı Yakob Kokson istefa verdiyini açıqlayıb.

Kokson bildirib ki, özünü inkişaf etdirə bilən süni intellekt sistemlərinin hazırlanması üzrə sənaye miqyasında gedən yarışda iştirak etmək istəmir. Onun sözlərinə görə, bu cür sistemlərin nəzarətdən çıxaraq bəşəriyyət üçün ciddi təhlükə yaratması mümkündür.

Tədqiqatçı sosial media hesabında istefası ilə bağlı paylaşım edib:

“Bu gün “Anthropic”dən istefa verdim. Son üç ilimi həm “OpenAI”, həm də “Anthropic”də ilkin təlim üzrə tədqiqatlar aparmağa sərf etmişəm. Hər iki şirkət məsuliyyətli davranmır. Onlar özünü inkişaf etdirən superintellektə doğru birbaşa yarışırlar və həyatımızla qumar oynayırlar”.

Kokson süni intellektin gələcək imkanlarının olduqca genişlənəcəyini vurğulayıb. O hesab edir ki, gələcəkdə bu sistemlər müxtəlif sahələrdə insan imkanlarını əhəmiyyətli dərəcədə üstələyə, kiberhücumlar həyata keçirə və böyük resurslara çıxış əldə edə bilər.

Tədqiqatçı bildirib:

“Bunlar tezliklə hər şeyi sındıra bilən, istənilən sahədə bir gecədə inqilab yarada bilən və real güc və resurslar əldə edə bilən superinsan sistemlərinə çevriləcək. Hamımız bu sahələrdəki irəliləyişi şəxsən müşahidə etmişik və inkişafın tempi yavaşlamır”.

Kokson süni intellekt sektorunda çalışan bəzi insanların bu texnologiyanın uzunmüddətli nəticələrindən ciddi şəkildə narahat olduğunu iddia edib.

Onun sözlərinə görə, bəzi süni intellekt mütəxəssisləri bu sistemlərin onilliyin sonuna qədər bəşəriyyət üçün ölümcül təhlükə yarada biləcəyinə səmimi şəkildə inanırlar.

“Bu, marketinq hiyləsi deyil. Bir çox rəhbər və yüksək səviyyəli tədqiqatçı mediada məntiqli görünmək üçün ifadələrini diqqətlə seçir, lakin eyni insanlar şəxsi söhbətlərdə öz qorxularını dilə gətirirlər. Başqa heç bir insan fəaliyyəti bu səviyyədə təhlükə yaratmır”, - deyə o qeyd edib.

Kokson süni intellekt şirkətlərinin risklərdən xəbərdar olmasına baxmayaraq, inkişaf yarışını davam etdirdiyini bildirib.

O, “OpenAI”də bir çox insanın sivilizasiyanın üzləşdiyi riskləri kifayət qədər ciddi qəbul etmədiyini, “Anthropic”də isə təhlükələrin daha yaxşı başa düşüldüyünü iddia edib.

Tədqiqatçının sözlərinə görə, “Anthropic”də əsas narahatlıq ondan ibarətdir ki, digər şirkətlərin məsuliyyətli davranmayacağı düşünülür. Bu səbəbdən risklərə baxmayaraq, texnologiyanı ilk olaraq özlərinin inkişaf etdirməli olduqlarına inanırlar.

Kokson hesab edir ki, süni intellekt sahəsində qlobal yarışın qarşısını almaq üçün daha ciddi addımlar atılmalıdır. Onun fikrincə, modellərin imkanlarının artırılmasına müəyyən müddətlik məhdudiyyət qoyulması kimi tədbirlər də gündəmə gələ bilər.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR