Google Finlandiyaya 13 milyard avro sərmayə qoyur

“Google” Finlandiyada data mərkəzləri və əlaqəli infrastruktura 13 milyard avro investisiya yatıracaq.
Sfera.az xəbər verir ki, şirkətin açıqlamasına görə, vəsait Finlandiyanın Hamina, Kajaani, Muhos və Vaale bələdiyyələrində data mərkəzlərinin yaradılmasına, həmçinin təmiz enerji layihələrinə və yerli biomüxtəlifliyin, təhsilin, elmi tədqiqatların və kadr hazırlığının dəstəklənməsinə yönəldiləcək.
Yeni obyektlər “Google”un “Gemini” çat-botu da daxil olmaqla bir sıra xidmətlərinin fəaliyyətini təmin edəcək. Şirkət bu qərarı Finlandiyanın süni intellekt infrastrukturu sahəsində məsuliyyətli yanaşmada liderliyinin göstəricisi kimi qiymətləndirib.
Tikinti işlərinin 2027-2028-ci illərdə aparılması planlaşdırılır. “Google”un hesablamalarına görə, investisiyalar Finlandiyanın ÜDM-inə hər il təxminən 3,6 milyard avro əlavə edəcək və 37 mindən çox iş yerinin yaradılmasına imkan verəcək. Onlardan təxminən 16 mini tikinti sektorunun payına düşəcək.
Layihələr başa çatdıqdan sonra isə obyektlərin hər il təxminən 7 min iş yerinin saxlanmasına töhfə verəcəyi gözlənilir. Buraya texniki işçilər, data mərkəzlərinin əməkdaşları, avadanlıq təchizatçıları, eləcə də həmin işçilərə xidmət göstərən mağaza, restoran və digər sahələrdə çalışanlar daxildir.
İnci
Sfera.az






