Azərbaycanda bambuk yetişdirilən bağdan görüntülər - FOTO
Lənkəranın Talışlı kəndində sahibkar Eynulla Calalov tərəfindən yaradılan bambuk təsərrüfatı bölgənin fərqli turizm məkanlarından birinə çevrilib.
Sfera.az xəbər verir ki, Lənkəranda keçirilən media tur çərçivəsində jurnalistlər Talışlı kəndində yerləşən bambuk bağı ilə tanış olublar.
Təsərrüfat sahibi Eynulla Calalov 1992-ci ildən Talışlı kəndində yaşayır. O, 30 ilə yaxındır ki, bambuk yetişdirir. Hazırda həyətyanı sahəsində 1000-dən çox bambuk ağacı var. Təsərrüfatın ümumi sahəsi 32 sotdur.
Calalovun sözlərinə görə, Sovet dövründə bu ərazidə əkin sahələri olub. Həmin sahədə zamanla cəmi iki-üç bambuk bitkisi qalıb. O isə bambuklara maraq göstərərək onların toxumla çoxaldığını müşahidə edib və bitkinin yetişdirilməsi ilə məşğul olmağa başlayıb. Sonradan qalan bambuk köklərindən istifadə edərək təsərrüfatı genişləndirib və bitkini öz imkanları ilə artırıb.
Hazırda sahibkar bambukun yetişdirilməsindən tutmuş kəsilməsinə və emalına qədər bir çox işi özü həyata keçirir. Yetişdirdiyi bambukları kəsərək müxtəlif əl işlərinin hazırlanmasında xammal kimi istifadə edir.
E.Calalov bambukdan stol, stul, kreslo, kitab rəfi, səbət və müxtəlif dekorativ əşyalar hazırlayır. Hazırladığı əl işləri müxtəlif sərgilərdə nümayiş etdirilib və usta “Ustad sənətkar” diplomuna layiq görülüb.
Sahibkarın sözlərinə görə, bambukdan əl işi hazırlamaq kifayət qədər vaxt və zəhmət tələb edir. Məsələn, bir masa dəstinin hazırlanmasına ən azı bir ay yarım vaxt sərf olunur.
Qeyd edək ki, hazırda bambuk bağı həm təsərrüfat, həm də turistlərin maraq göstərdiyi məkan kimi fəaliyyət göstərir.
İradə Elsevər












