11 eşşək 40 il sonra təbiətin xilaskarına çevrildi

İsrailin Negev səhrasında aparılan təbiəti qoruma layihəsi gözlənilməz nəticə verib. 40 il ərzində 11 İran vəhşi eşşəyinin nəsli yüz dəfə artıb və bu heyvanlar səhranın ekosisteminin bərpasında mühüm rol oynayıb.
Sfera.az xəbər verir ki, İran vəhşi eşşəkləri vaxtilə Negev səhrasından tamamilə yox olub. 1968-ci ildə İsrail İran şahı Məhəmməd Rza Pəhləvidən 11 eşşək alaraq onları ölkənin cənubundakı Yotvata qoruğuna aparıb.
1970-ci illərdə populyasiyanın sayını və genetik müxtəlifliyini artırmaq məqsədilə layihəyə Efiopiyadan gətirilən Afrika vəhşi eşşəkləri də daxil edilib.
Heyvanlar zamanla səhranın sərt şəraitinə uyğunlaşıb. Onların güclü dırnaqları ilə qazdığı quyuların bəzilərinin dərinliyi 2 metrə çatıb. Bu su mənbələri quraq ərazidə yaşayan bir çox heyvan üçün həyati əhəmiyyət daşıyıb.
Beləliklə, ceyran, tülkü, müxtəlif quş və yarasa növləri həmin su mənbələrindən istifadə etməyə başlayıb.
Vəhşi eşşəklərin rolu bununla da məhdudlaşmayıb. Onlar bitki toxumlarının yayılmasına və torpağın zənginləşməsinə də kömək edib. Nəticədə akasiya ağaclarının və digər bitkilərin yayılması sürətlənib, səhrada canlıların məskunlaşdığı yeni ərazilər yaranıb.






