İngiltərədə “aqressiv” eşşək arıları ilə bağlı xəbərdarlıq

İngiltərənin bəzi bölgələrində eşşək arılarının çürümüş və fermentləşmiş meyvələrlə qidalanaraq daha aqressiv davrandığı və insanları sancma ehtimalının artdığı bildirilib.
Sfera.az xəbər verir ki, İngiltərədə yay mövsümünün başa çatması ilə əlaqədar eşşək arıları ilə bağlı xəbərdarlıq edilib.
Haşəratlara qarşı mübarizə üzrə Britaniya Assosiasiyasının (BPCA) məlumatına görə, yayın sonlarına doğru eşşək arıları fermentləşmiş meyvələrə daha çox cəlb olunur. Bu meyvələrlə qidalanan həşəratlar daha aqressiv davrana bilirlər.
Mütəxəssislər bu cür eşşək arılarının insanları sancma ehtimalının daha yüksək olduğunu bildirərək, vətəndaşları ehtiyatlı olmağa çağırıblar. Xüsusilə ailələrə eşşək arılarının yuvalarına özləri müdaxilə etməmələri tövsiyə olunub.
Ətraf mühit üzrə mütəxəssislərin sözlərinə görə, yayın sonlarında ana arıların ehtiyac duyduğu nektar ehtiyatı tamamlandıqdan sonra işçi arılar əvvəlki kimi aktiv fəaliyyət göstərmir. Bu dövrdə onların fermentləşmiş meyvələrlə qidalanaraq “sərxoş” vəziyyətdə dolaşması təbii və məlum hal hesab olunur.
Mütəxəssislər həmçinin eşşək arısı sancmalarının bəzi insanlarda həyati təhlükə yarada bilən anafilaktik şoka səbəb ola biləcəyini vurğulayıblar.
İradə Elsevər






