Keçisini axtarırdı, çoxlu qızıl tapdı

Keniyanın Qərbi Pokot bölgəsində bir çobanın itkin düşən keçisini axtararkən etdiyi kəşf böyük marağa səbəb olub. Çayın yatağında qızıl aşkar edən çobanın tapıntısından sonra əraziyə minlərlə insan axın edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Keniyanın Çeporor bölgəsində baş verib. Keçisini axtaran Manasse Lomachar çay yatağında parıldayan sarı rəngli parçalar görüb. Onların qızıl olduğunu anlayan çoban tapıntını pula çevirməyə çalışıb.
Xəbərin avqustun əvvəlində yayılmasından sonra vəziyyət dəyişib. Keniyanın müxtəlif bölgələrindən insanlar qızıl axtarmaq üçün əraziyə gəlməyə başlayıblar. Qısa müddətdə çay yatağında təxminən 10 min nəfərin toplandığı bildirilir.
Bəzi axtarışçılar kifayət qədər böyük qızıl parçaları tapıblar. Məlumata görə, onların arasında dəyəri təxminən 78 min Keniya şilinqi olan parçalar da olub.
Səthdəki qızıl ehtiyatları tükəndikcə insanlar daha dərinə qazmağa başlayıblar. Çay yatağında bel və kürəklərlə qazıntılar aparılıb, böyük çalalar yaranıb. Hətta qonşu ölkələrdən də insanların qızıl axtarmaq üçün bölgəyə gəldiyi qeyd olunur.
Uqandalı Mugişa Qodfri də qızıl axtarmaq üçün əraziyə gələnlərdəndir. O bildirib ki, insanlar gecə-gündüz axtarış aparır, bəziləri isə ağacların altında gecələyir.
Qızıl axtarışlarının genişlənməsi bölgədə yeni bizneslərin yaranmasına da səbəb olub. Qısa müddətdə 200-dən çox yeni obyektin fəaliyyətə başladığı bildirilir. Ərazidən çıxarılan torpağın tərkibini və qızıl potensialını müəyyənləşdirmək üçün nümunələr də yük maşınları ilə daşınır.
Lakin gözlənilməz qızıl axını bölgədə bir sıra problemlərə də yol açıb. İçməli su çatışmazlığı və lazımi infrastrukturun olmaması vəziyyəti çətinləşdirib. İnsanların kütləvi şəkildə toplandığı ərazidə yoluxucu xəstəliklərin yayılması ilə bağlı xəbərdarlıq edilib./metbuat






