Dönər paketindəki gizli kod: Almaniyada hər kəs heyrətləndi

Almaniyada orduda yaranan kadr çatışmazlığını aradan qaldırmaq üçün qeyri-adi işə qəbul kampaniyasına başlanılıb. Kampaniya çərçivəsində dönər paketlərinə QR-kodlar yerləşdirilərək vətəndaşlar "Bundeswehr"dəki iş imkanlarına yönləndirilir.
Sfera.az xəbər verir ki, Almaniya Müdafiə Nazirliyi xüsusilə hərbi səhiyyə xidmətində çalışacaq yeni əməkdaşların cəlb edilməsi məqsədilə dönər restoranları ilə əməkdaşlığa başlayıb.
Kampaniya çərçivəsində dönər paketlərinin üzərinə hərbi xidmət və iş imkanları ilə bağlı mesajlar və QR-kodlar yerləşdirilir. Kodu telefonla skan edən şəxslər "Bundeswehr"də mövcud vəzifələr və karyera imkanları haqqında məlumat əldə edə bilirlər.
Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, kampaniya yalnız karyerasının əvvəlində olan gəncləri hədəfləmir. Məqsəd həmçinin karyerasını dəyişmək istəyən şəxsləri və yeni peşə axtaran ixtisaslı işçiləri orduya cəlb etməkdir.
Nazirlik kampaniyanı insanların gündəlik həyatına hərbi işə qəbul mesajlarını gətirən “mühit reklamı” kimi qiymətləndirir. Kampaniyada iştirak edən dönər restoranlarından isə bunun üçün ödəniş tələb olunmur. Restoranlar üzərində hərbi işə qəbul mesajları olan qablaşdırmaları könüllü şəkildə və pulsuz əldə edirlər.
Almaniyanın bu addımı ordunun şəxsi heyətini artırmaq planının bir hissəsidir. "Bundeswehr"in iyul ayının sonuna olan məlumatına görə, orduda 186 min 705 aktiv hərbçi xidmət edir. Bu, son 13 ilin ən yüksək göstəricisidir.
Bununla belə, Almaniya 2035-ci ilə qədər aktiv hərbçilərin sayını 260 mindən çox artırmağı planlaşdırır. Bu məqsədlə ölkə yalnız gəncləri deyil, təcrübəli işçiləri və karyera dəyişikliyi etmək istəyən şəxsləri də orduya cəlb etməyə çalışır.
Avropanın digər ölkələrində də orduda şəxsi heyətin artırılması üçün fərqli kampaniyalardan istifadə olunur. Böyük Britaniya 2019-cu ildə gənclərə yönəlmiş reklam kampaniyası həyata keçirib. Fransa 2024-cü ildə genişmiqyaslı hərbi işə qəbul kampaniyasına başlayıb, Niderland isə 2023-cü ildən gənclərə hərbi forma ilə bir il müddətində ödənişli xidmət imkanı təqdim edir.
İradə Elsevər





