İnsanları məqsədlərinə çatdıran nədir? – Motivasiya ilə bağlı 6 amil

İnsanları məqsədlərinə çatdıran nədir? – Motivasiya ilə bağlı 6 amil
Kateqoriya məlum deyil
T

İnsanların məqsədlərinə çatmaq üçün göstərdiyi səylərin arxasında fərqli motivasiyalar dayanır. Psixoloqlar motivasiyanı davranışa məqsəd və istiqamət verən qüvvə kimi qiymətləndirirlər. Araşdırmalara əsasən, insanın nəyə görə hərəkət etdiyini anlaması məqsədlərinə çatmasına və qarşılaşdığı çətinlikləri aşmasına kömək edə bilər.

Sfera.az xəbər verir ki, britaniyalı psixoloq İan Makrey və araşdırmanın müəllifi David Robson insanların iş həyatında motivasiyalarını müəyyənləşdirmək üçün anonim araşdırma aparıblar və burada insanların əsas motivasiya mənbələri altı kateqoriyaya bölünüb: muxtariyyət, tanınma, sosial bağlılıq, maddi gəlir, iş şəraiti və təhlükəsizlik.

Mütəxəssislərin fikrincə, motivasiya daxili və xarici olmaqla iki əsas istiqamətdə formalaşa bilər. İnsan hər hansı işi həqiqətən istədiyi üçün gördükdə bu, daxili motivasiya, başqalarının gözləntiləri, maddi qazanc və ya məcburiyyət səbəbindən hərəkət etdikdə isə xarici motivasiya hesab olunur.

Öz müqəddəratını təyinetmə nəzəriyyəsinə əsaslanan araşdırmalar daxili motivasiyanın məqsədlərə çatmaq baxımından daha səmərəli ola biləcəyini göstərir. Kanadanın Karleton Universitetində Marina Milyavskaya və həmkarlarının apardığı tədqiqatda 344 tələbənin qarşıdakı semestr üçün məqsədləri araşdırılıb. Nəticələrə görə, şəxsi istəklərindən irəli gələn məqsədlərə sahib olan iştirakçılar başqalarının gözləntilərinin təsiri altında olanlarla müqayisədə daha çox irəliləyiş əldə ediblər.

Digər araşdırmada isə 750-dən çox mütəxəssisin işdən məmnunluğa təsir edən 44 amili qiymətləndirməsi nəticəsində insanların motivasiyalarının altı əsas qrupa bölündüyü müəyyən edilib. Bunlara müstəqil qərar vermək və inkişaf etmək istəyi, tanınmaq və yüksək status əldə etmək, sosial əlaqələr qurmaq, daha yüksək gəlir qazanmaq, rahat və çevik iş şəraitinə sahib olmaq, eləcə də sabitlik və təhlükəsizlik daxildir.

Araşdırmaya əsasən, insanın motivasiyası həyat şəraitindən də asılı olaraq dəyişə bilər. Məsələn, maddi çətinlik yaşayan şəxs üçün yüksək maaş əsas motivasiya mənbəyi ola bilər. Maddi baxımdan daha rahat vəziyyətdə olan insan isə işində özünü ifadə etmək, müstəqillik və şəxsi inkişaf imkanlarına daha çox əhəmiyyət verə bilər.

Mütəxəssislər hesab edirlər ki, insanın özünü hansı amillərin motivasiya etdiyini bilməsi həm iş həyatında, həm də şəxsi məqsədlərə çatmaqda faydalı ola bilər. Beləliklə, insan onu hərəkətə gətirən əsas səbəbi müəyyənləşdirərək məqsədlərinə uyğun daha effektiv strategiya seçə bilər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR