Ən böyük elektrik təyyarəsi ilk dəfə uçdu

Dünyanın ən böyük elektrik təyyarəsi ilk dəfə sınaq uçuşunu həyata keçirib.
Sfera.az xəbər verir ki, İsveçdə yaradılan, hazırda ABŞ-da fəaliyyət göstərən "Heart Aerospace" şirkətinin X1 eksperimental təyyarəsi avqustun 12-də Nyu-York ştatındakı "Plattsburgh" Beynəlxalq Hava Limanından havaya qalxıb.
Pilotla həyata keçirilən ilk uçuş təxminən 27 dəqiqə davam edib. Təyyarə 335 metr yüksəkliyə qalxıb və tam elektrikli güc sistemi uçuş zamanı 1 meqavatdan çox güc hasil edib.
X1-in qanadlarının açıqlığı 32,3 metr, uzunluğu isə 23,2 metrdir. Təyyarənin uçuş zamanı çəkisi 11,3 tondan çox olub.
Sınağın ən diqqətçəkən məqamlarından biri isə enerji sərfiyyatıdır. Şirkətin məlumatına görə, 27 dəqiqəlik uçuş zamanı istifadə olunan elektrik enerjisinin dəyəri təxminən 5 dollar təşkil edib.
X1 kommersiya məqsədli sərnişin təyyarəsi deyil. O, gələcəkdə 30 sərnişin daşıması planlaşdırılan "ES-30" hibrid-elektrik regional təyyarəsinin texnologiyalarını sınaqdan keçirmək üçün hazırlanmış tammiqyaslı nümayiş modelidir.
Şirkət "ES-30"un uçuş sınaqlarına 2028-ci ildə başlamağı, təyyarəni isə 2031-ci ildə kommersiya istismarına çıxarmağı planlaşdırır.
Firuzə Əliyeva






