Hər ölkədə fərqli: Qarpızı qızardıb, tumunu qovururlar

Hər ölkədə fərqli: Qarpızı qızardıb, tumunu qovururlar
Kateqoriya məlum deyil
T

Yay aylarının ən sevilən meyvələrindən biri olan qarpız Azərbaycanda adətən sadə şəkildə soyudulur, dilimlənir və yeyilir.

Əksər insanlar üçün qarpızın əsas hissəsi onun qırmızı içidir, tumları və qabığı isə tullantı hesab olunur. Bəzi bölgələrimizdə isə qarpızın qabığından mürəbbə də hazırlanır. Lakin dünyanın müxtəlif ölkələrində qarpıza münasibət tamamilə fərqlidir.

Sfera.az bildirir ki, bəzi xalqlar onun tumlarını çərəz kimi qovurur, bəziləri qabığını turşuya qoyur, digərləri isə qarpızı pendir, ət və müxtəlif ədviyyatlarla birlikdə süfrəyə verir.

Qarpızın ən fərqli istifadə formalarından biri Çində yayılıb. Burada qarpız tumları sadəcə meyvənin içindən çıxarılıb atılan hissə deyil. Onlar qovrulur, duzlanır və çərəz kimi yeyilir. Çində qovrulmuş qarpız tumları uzun müddətdir məşhur qəlyanaltılardan biridir.

Tumlardan istifadə xüsusilə çay evlərində, açıq havada və müxtəlif sosial məclislərdə geniş yayılıb. Yəni Azərbaycanda qarpız yeyərkən “tumunu çıxart” deyirik, Çində isə həmin tumlar üçün ayrıca çərəz süfrəsi qurula bilər. Qarpız tumlarının istifadəsi yalnız Çinlə məhdudlaşmır. Afrikanın müxtəlif bölgələrində tumlar qida məhsulu kimi istifadə olunur.

Qərbi Afrikada “egusi” adı ilə tanınan müxtəlif balqabaqkimilər fəsiləsinə aid toxumlar şorba və sousların hazırlanmasında istifadə edilir. Toxumlar üyüdülərək yeməyə qatılaşdırıcı və zülal mənbəyi kimi əlavə olunur. Qarpız tumlarının da Afrikanın müxtəlif bölgələrində qovrularaq və duzlanaraq yeyilməsi barədə elmi mənbələr var. Bu yanaşma maraqlı bir fərqi göstərir, bir yerdə tullantı hesab edilən hissə başqa mətbəxdə əsas inqrediyentə çevrilə bilir.

Qarpız deyəndə ağıla ilk növbədə şirin dad gəlir. Ancaq Aralıq dənizi mətbəxində şirin qarpızın duzlu məhsullarla birləşdirilməsi kifayət qədər yayılmış yanaşmadır. Qarpızın ağ pendir və feta ilə birlikdə təqdim edilməsi bunun ən məşhur nümunələrindəndir. Şirin meyvə ilə duzlu pendirin kontrastı xüsusilə isti yay günlərində məşhur kombinasiya hesab olunur.

Müasir Aralıq dənizi reseptlərində qarpız həmçinin nanə, zeytun yağı, limon və müxtəlif göyərtilərlə birləşdirilir. Beləliklə, qarpız bəzi süfrələrdə desert yox, hətta salatın əsas komponentlərindən biri kimi çıxış edir. Qarpızın yaşıl qabığı da müxtəlif mətbəxlərdə istifadə edilir. Xüsusilə ABŞ-də qarpız qabığından turşu hazırlanması tanınan üsullardan biridir. Qabığın yaşıl sərt hissəsi soyulur, altındakı ağ hissə isə müxtəlif üsullarla marinad edilir, turşuya qoyulur, bişirilir və hətta mürəbbə tipli məhsullara çevrilir.

Bu isə qarpızın yalnız “qırmızı hissəsini yeyib qalanını atmaq” məcburiyyətində olmadığımızı göstərir. Qarpızı tavada və ya qrildə bişirmək ilk baxışdan qəribə səslənə bilər. Amma müasir mətbəxdə bu üsul da istifadə olunur. Qızdırıldıqda qarpızın teksturası dəyişir və onun şirinliyinə əlavə olaraq daha fərqli, bir qədər karamelləşmiş dad yaranır. Qril qarpız feta, nanə, limon və hətta qovrulmuş qarpız tumları ilə birlikdə salat şəklində təqdim edilə bilər. Uşaqlıqdan çoxumuz “qarpız tumunu udsan, qarnında qarpız bitər” kimi zarafatları eşitmişik.

Əslində isə qarpız tumları yeyilə biləndir. Xüsusilə qovrulmuş qarpız tumları zülal, yağlar, maqnezium, dəmir, sink və fosfor kimi qida maddələri ilə zəngindir. Qara tumlar çiy halda sərt ola bilər, buna görə onların qovrulması daha çox üstün tutulur. Azərbaycanın qarpız mədəniyyətində də əsas diqqət meyvənin şirin, sulu iç hissəsinə yönəlir.

Qarpızın tumlarını ayırmaq, qabığını isə tamamilə tullamaq gündəlik vərdişdir. Əslində qarpızın dünyadakı hekayəsi bir meyvənin necə yeyilməsindən daha çox mədəniyyətlərin eyni məhsula nə qədər fərqli yanaşa bildiyini göstərir. Bəlkə də növbəti dəfə qarpız kəsəndə yalnız qırmızı hissəyə baxmaq yox, onun “atdığımız” tum və qabığının başqa ölkələrdə hansı süfrəyə getdiyini də düşünmək lazımdır.

Firuzə Əliyeva

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR