Bu tarixləri qaçırmayın

Avqust 2026 səma həvəskarları üçün ilin ən maraqlı aylarından biri olacaq. Bu ay ərzində Ay və Saturnun yaxınlaşması, Perseid meteor yağışı, tam Günəş tutulması və qismən Ay tutulması kimi diqqətçəkən astronomik hadisələr baş verəcək.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Ayın ilk günlərində Ay və Saturn səmada bir-birinə yaxın görünəcək. Bu hadisə xüsusilə gecə və sübh saatlarında əlverişli hava şəraitində adi gözlə də müşahidə oluna biləcək.
Avqustun 12-dən 13-nə keçən gecə isə ilin ən möhtəşəm səma hadisələrindən biri hesab edilən Perseid meteor yağışı maksimum aktivlik mərhələsinə çatacaq. Yeni Ay fazasına yaxın tarixdə baş verəcəyi üçün səma daha qaranlıq olacaq və əlverişli müşahidə məntəqələrində saat ərzində onlarla, ideal şəraitdə isə 100-ə yaxın meteor görmək mümkün ola bilər.
Avqustun 12-də baş tutacaq tam Günəş tutulması ayın ən mühüm astronomik hadisəsi hesab olunur. Tutulmanın tam fazası Qrenlandiya, İslandiya, İspaniya və Rusiyanın bəzi bölgələrindən izlənilə biləcək. Həmin günün gecəsi Perseid meteor yağışının pik dövrünün başlaması avqust ayını astronomiya həvəskarları üçün daha da xüsusi edəcək.
Ayın son böyük səma hadisəsi isə 28 avqust tarixində baş verəcək qismən Ay tutulması olacaq. Bu zaman Ayın yalnız bir hissəsi Yerin kölgəsinə düşəcək. Qismən Ay tutulmasını Türkiyədən izləmək mümkün olacaq, lakin 12 avqustdakı tam Günəş tutulmasının tam fazası bu ölkədən görünməyəcək.
Mütəxəssislər bildirirlər ki, işıq çirkliliyindən uzaq və açıq səma şəraitində avqust ayının astronomik hadisələrini daha aydın müşahidə etmək mümkün olacaq.
Mənsumə






