Süni intellekt sayəsində 78 yaşında yeni karyeraya başladı

Argentinada yaşayan 78 yaşlı Norberto B. Vorobeizyk süni intellekti “YouTube” videoları və onlayn kurslar vasitəsilə öyrənərək həyatını tamamilə dəyişib. Yeni qazandığı biliklər sayəsində o, texnologiya şirkətində rəhbər vəzifəyə təyin olunub.
Sfera.az xəbər verir ki, uzun illər müxtəlif sahələrdə çalışan Vorobeizyk təqaüd yaşında olmasına baxmayaraq, yeni texnologiyalara maraq göstərərək süni intellekt sahəsində özünü inkişaf etdirməyə qərar verib. O, əsasən “YouTube” videoları və onlayn təlimlərdən yararlanaraq qısa müddətdə bu sahədə əhəmiyyətli bilik və bacarıqlar əldə edib.

Onun süni intellekt sahəsində qazandığı təcrübə Argentinanın texnologiya şirkəti b.live-ın diqqətini cəlb edib. Nəticədə Vorobeizyk şirkətdə kommersiya direktoru vəzifəsinə təyin olunub və təqaüddən sonra yeni karyera mərhələsinə qədəm qoyub.
78 yaşlı rəhbər bildirib ki, süni intellekt təcrübəli mütəxəssisləri əvəz etmək üçün deyil, onların uzun illər ərzində topladığı bilik və təcrübədən daha səmərəli istifadə etməyə imkan yaradan bir vasitədir.
Vorobeizykin həyat hekayəsi bununla da məhdudlaşmır. O, keçmişdə ağır qəza keçirərək müvəqqəti iflic olsa da çətin bərpa prosesindən sonra öyrənməkdən və özünü inkişaf etdirməkdən vaz keçməyib.
Onun sözlərinə görə, insan istənilən yaşda yeni bacarıqlar əldə edə və həyatında yeni səhifə aça bilər. Vorobeizyk bu fikrini “Özünü yenidən kəşf etmək üçün heç vaxt gec deyil” sözləri ilə ifadə edib.
Mənsumə
