Ada dövləti adını dəyişir - Türkiyəni nümunə götürdülər

Sakit okeanın ən kiçik ölkələrindən biri müstəmləkə dövründən qalma rəsmi adından imtina etməyə və yerli dildəki adına qayıtmağa hazırlaşır. Ölkə hökuməti Türkiyənin beynəlxalq ad dəyişikliyini nümunə kimi göstərir, lakin son qərarı xalq referendumda verəcək.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünyanın ən kiçik respublikası kimi tanınan Sakit okean ada dövləti Nauru, müstəmləkə dövründən qalma rəsmi adını yerli dildə istifadə olunan "Naoero" adı ilə dəyişdirməyə hazırlaşır.
Təxminən 13.000 əhalisi olan ada dövlətinin Prezidenti David Adeanq yanvar ayında parlamentdəki çıxışında "Naoero" adının ölkənin irsini, dilini və kimliyini daha dəqiq əks etdirdiyini bildirmişdi. Parlament tərəfindən təklifin yekdilliklə qəbul edilməsindən sonra ad dəyişikliyini rəsmiləşdirmək üçün referendum keçiriləcək. "Naoero" (Nao-ero kimi tələffüz olunur) nauruluların öz dillərində ölkələri üçün istifadə etdikləri addır.
Hazırda istifadə edilən "Nauru" rəsmi olaraq qeydiyyatdan keçmiş versiya hesab olunur, çünki xaricilər yerli adı düzgün tələffüz edə bilmirlər. Hökumətin bəyanatında yerli adın "ölkə xalqının istəyi ilə deyil, xaricilərin rahatlığı üçün" dəyişdirildiyi vurğulanırdı. Sakit okeanda, Avstraliyanın təxminən 3000 kilometr şimal-şərqində yerləşən və cəmi 21 kvadratkilometrlik səth sahəsi olan ada tarix boyu müxtəlif adlarla tanınıb.
Ada 1798-ci ildə əraziyə gələn bir Britaniya dənizçisi tərəfindən "Xoşbəxt Ada" adlandırılıb. Almaniya 1888-ci ildə adanı ilhaq etdikdən sonra "Nauru" adı rəsmi olaraq qeydiyyata alınıb. Əvvəllər "Nawodo" və "Navoda Onawero" kimi fərqli adlar da istifadə olunurdu.Avstraliya 1919-cu ildə Millətlər Liqasının mandatı altında adanın idarəçiliyini ələ keçirdikdən sonra "Nauru" adı istifadə olunmağa davam etdi. Ölkə 1968-ci ildə müstəqillik qazandı. Avstraliya 2001-ci ildən bəri adadan immiqrasiya saxlama mərkəzi kimi istifadə edir.
Vasif
Sfera.az
