Beynimizin gizli mexanizmi: İnsan, daha çox eşitdiyinə inanır

İnsan bir məlumatı dəfələrlə eşitdiyində onun doğru olmasına inanır.
Sfera.az xəbər verir ki, alimlərin fikrincə, insan beyni təkrarlanan məlumatları daha etibarlı qəbul etməyə meyillidir və bu xüsusiyyət bəzən yanlış məlumatların belə həqiqət kimi qəbul edilməsinə səbəb olur.
Psixologiya və neyrologiya sahəsində aparılan araşdırmalarda bu fenomen “İllüziya Reallığı Effekti” (Illusion of Truth Effect) adlandırılır. Mütəxəssislərin sözlərinə görə, bir fikir və ya məlumat nə qədər çox təkrarlanarsa, beyin onu bir o qədər tanış hesab edir. Tanışlıq hissi isə zamanla həmin məlumatın doğru olduğu təəssüratını yaradır.
Araşdırmalar göstərir ki, insanlar eyni ifadəni dəfələrlə eşitdikdə onun həqiqiliyini daha az sorğulamağa başlayırlar. Bu vəziyyət xüsusilə sosial mediada, reklam kampaniyalarında və gündəlik ünsiyyətdə özünü daha qabarıq şəkildə göstərir. Nəticədə təkrarlanan yanlış məlumatlar belə insanların düşüncələrinə təsir edə bilir.
Mütəxəssislər bildirirlər ki, bu effekt yalnız xaricdən eşitdiyimiz məlumatlarla məhdudlaşmır. İnsanların özləri haqqında davamlı şəkildə təkrarladığı mənfi fikirlər də zamanla möhkəm inanclara çevrilə bilər. “Mən bacarmaram”, “uğursuzam” və ya “yetərincə yaxşı deyiləm” kimi düşüncələr tez-tez təkrarlandıqda, beyin onları reallıq kimi qəbul etməyə başlayır.
Bununla yanaşı, alimlər eyni mexanizmin müsbət istiqamətdə də işləyə biləcəyini vurğulayırlar. Real və konstruktiv düşüncələrin, şəxsi uğurların və güclü tərəflərin mütəmadi şəkildə xatırladılması özünəinamın artmasına və daha sağlam düşüncə tərzinin formalaşmasına kömək edə bilər.
Psixoloqlar hesab edirlər ki, insan beyninin bu xüsusiyyətini anlamaq həm yanlış məlumatların təsirindən qorunmaq, həm də daha müsbət zehni vərdişlər formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Təkrarlanan hər məlumatın doğru olmadığını xatırlamaq və məlumatları tənqidi düşüncə ilə qiymətləndirmək isə bu psixoloji təsirin yaratdığı riskləri azaltmağa kömək edə bilər.
Fidan Hacızadə
Sfera.az
