"Sevginin bu qədər ömrü var, sübut olunub" - MÜSAHİBƏ

"Sevginin bu qədər ömrü var, sübut olunub" - MÜSAHİBƏ
Kateqoriya məlum deyil
T

Neyroelm insan beyninin və sinir sisteminin necə işlədiyini öyrənən elmdir və davranışlarımızın, hisslərimizin, yaddaş və qərarvermə proseslərimizin bioloji əsaslarını araşdırır. Bu sahə neyronların bir-biri ilə necə əlaqə qurduğunu, beynin müxtəlif bölgələrinin hansı funksiyalara cavabdeh olduğunu və bu sistemin necə dəyişdiyini incələyir.

 

Sfera.az-ın əməkdaşı insanın daxili hormonal və biokimyəvi sistemi barədə Klinik biokimya üzrə mütəxəssis, neyroelm üzrə araşdırmaçı-yazıçı Fərid Rəfibəyli ilə həmsöhbət olub.

 

 

-Kişilər niyə sarışın və dolu xanımlara üstünlük verirlər?

 

-Canlılığın əsas məqsədi çoxalma və nəsli davam etdirməkdir. Əgər həyatın təməl məqsədi çoxalmaqdırsa, deməli insanın bütün beyin və bədən sistemi də bu məqsədə xidmət edir. Yediyimiz qidalar, içdiyimiz su, gündəlik fəaliyyətlərimiz hamısı bir növ bu bioloji instinktə bağlıdır. ABŞ-də aparılan maraqlı bir təcrübədə basketbolçulara pambıq köynəklər geyindirilib və onlar oyundan sonra həmin geyimlərdəki tərlə hopmuş qoxular toplanıb. Daha sonra bu köynəkləri müxtəlif millətlərdən olan qadınlara qoxlatdırıblar. Nəticədə qadınlar şüuraltı şəkildə öz genetik baxımdan ən uzaq olan millətin qoxusunu daha cəlbedici hesab ediblər. Bu vəziyyət feromonlarla əlaqələndirilir. Feromonlar cinsiyyət cazibəsini və instinktiv seçimi müəyyən edən, burun ətrafında qəbul edilən biokimyəvi maddələrdir. İnsan bədəni bu siqnalları dərk etmədən qəbul edir və genetik uyğunluq əsasında tərəf seçir. Sarışınlıq məsələsinə gəldikdə isə, bu seçim də genetik uzaqlıqla bağlıdır. Bizim regionda sarışın və açıq rəngli gözlər genetik olaraq daha nadir və uzaq sayıldığı üçün, beyin onları şüuraltı şəkildə daha sağlam və uyğun partnyor kimi qəbul edir. Bunun səbəbi odur ki, genlər nə qədər fərqlidirsə, gələcək nəsildə genetik xəstəliklərin yaranma riski bir o qədər azalır. Digər tərəfdən, açıq dərili və sarışın insanlar bədənlərindəki dəri problemlərini və xəstəlik əlamətlərini gizlədə bilmirlər. Bu da onların şəffaf görünməsinə, yəni sağlamlıq baxımından daha etibarlı təsir bağışlamasına səbəb olur. Beləcə, kişi beyni bu cür qadınları şüuraltı olaraq nəsil artırmaq üçün daha ideal partnyor kimi qiymətləndirir.

 

-Son illər qadınlar arasında estetik prosedurların artmasının əsas səbəbi nədir?

 

-İnsan ölümü, zamanın keçməsini və bədənin dəyişməsini dərk edən yeganə canlıdır. Bu şüur onu daim gəncləşdirən, dəyişiklikləri gecikdirən və gözəlliyi uzadan hər bir vasitəyə yönəldir. Beləcə, estetik prosedurlar botoks, dolğu, üz gərmə, bədən formalaşdırma və s. sadəcə “gözəllik üçün” deyil, həm də ölüm qorxusunun, itirilən gəncliyin əvəzini çıxmaq üçün psixoloji müdafiə mexanizmi kimi meydana çıxır. Bu meyil bioloji baxımdan da izah oluna bilər. Çünki insan orqanizminin təməl məqsədi nəsli davam etdirməkdir. Gənc görünmək həm reproduktiv sağlamlığın, həm də genetik gücün göstəricisi kimi qəbul olunur. Yəni qadın şüuraltı şəkildə “mən hələ də sağlam və məhsuldaram” mesajı ötürür. Bu səbəbdən gənclik təəssüratı yaradan hər bir prosedur bioloji olaraq cazibədarlıq siqnalı hesab edilir. Məsələn, tədqiqatlara görə, qadınlar dikdaban ayaqqabı geyindikdə özlərini daha cəlbedici hiss edirlər, baxmayaraq ki, bu geyim narahatlıq yaradır. Niyə? Çünki dikdaban ayaqqabı belin arxaya əyilməsinə, sinə və çanaq hissəsinin daha qabarmış görünməsinə səbəb olur. Bu isə “dişilik siqnalı” sayılır. Qadın bu vəziyyətdə şüuraltı olaraq öz bioloji üstünlüyünü, yəni dişilik və seçilmə potensialını nümayiş etdirir. Beyin bu siqnalı qəbul etdikdə dopamin ifraz edir və qadın özünü xoşbəxt hiss edir, narahatlıq artıq ikinci plana keçir. Eyni məntiq estetik prosedurlara da aiddir. Dodaqları böyütmək, üz cizgilərini kəskinləşdirmək, dərini hamarlaşdırmaq bunların hamısı beynin “cazibədarlıq” xəritəsində yer alan xüsusiyyətlərdir. Cəmiyyətin sosial mediada yaratdığı “ideallaşdırılmış qadın obrazı” bu instinkti daha da gücləndirir. Beləcə, qadınlar həm sosial rəqabət, həm də bioloji instinkt səbəbindən bu prosedurlara yönəlirlər. Nəticədə estetik əməliyyat və prosedurlar təkcə gözəllik vasitəsi deyil. Həm təbii seçilmənin müasir forması, həm də ölümü və yaşlanmanı simvolik olaraq məğlub etmə cəhdi kimi dəyərləndirilə bilər.

 

 

-Kişilərin qadınlara nisbətən daha az duyğusal olmalarının səbəbi nədir?

 

-Kişilərin qadınlara nisbətən daha az duyğusal olmalarının bir neçə elmi və təkamül səbəbi var. Qadın və kişi beyinləri həm quruluş, həm də funksional baxımdan fərqlənir. Bu fərqlər çox kiçik görünməsinə baxmayaraq, davranış və emosional reaksiya səviyyəsində böyük nəticələr yaradır. Qadınlarda beyin yarımkürələri arasında əlaqə daha güclüdür. Kişilərdə isə, əksinə, bir yarımkürə daxilində əlaqələr daha güclü olur. Bu o deməkdir ki, qadın beynində emosional və məntiqi bölgələr arasında daha çox informasiya mübadiləsi gedir. Nəticədə qadınlar duyğularını daha intensiv yaşayır və ifadə edirlər. Tədqiqatlara görə, qadınların depressiyaya düşmə ehtimalı da kişilərə nisbətən daha yüksəkdir. Bunun səbəbi, qadın beyninin daimi aktivlik halında olmasıdır. İnsan sakit vəziyyətdə olanda da qadın beynində müxtəlif düşüncələr, analizlər və duyğular arasında aktiv əlaqə qalır. Kişi beynində isə bu proses daha sabit və sakit olur. Bu fərqlərin kökü təkamül dövrlərinə dayanır. Kişilər min illər boyu “ovçu”, qadınlar isə “toplayıcı və qoruyucu” rolunda olublar. Ovçuluq zamanı kişinin diqqətini bir hədəfə yönəltməsi və emosiyalarını idarə etməsi həyati əhəmiyyət daşıyırdı. Məsələn, ova çıxan bir kişi ovuna baxıb “nə gözəl dovşandır” deməyi düşünmürdü o, sadəcə məqsədə fokuslanmalı idi. Qadın isə eyni anda həm uşaqlara, həm evə, həm də icmadakı sosial münasibətlərə nəzarət etməli idi. Bu, qadın beynində emosional və məntiqi sahələr arasında daha güclü əlaqə formalaşdırıb. Elmi dildə desək, qadınlarda iki yarımkürəni birləşdirən korpus kallozyum adlı neyron körpü kişilərlə müqayisədə daha qalındır və bu da onların emosional əlaqələri daha dərin şəkildə yaşamasına səbəb olur. Kişilərdə isə yarımkürə daxilindəki əlaqələr üstünlük təşkil etdiyindən onlar daha çox məqsədyönlü, məntiqli və az duyğusal davranış sərgiləyirlər. Yekun olaraq, bu fərqlər həm bioloji, həm neyroloji, həm də təkamül baxımından formalaşmış təbii nəticələrdir.

 

-Kişilər niyə daha çox xəyanət edirlər?

 

-Kişilərin qadınlara nisbətən daha çox xəyanət etmələrinin səbəbi bioloji, təkamül və psixoloji amillərlə izah olunur. Bu mövzuda valideyn investisiya nəzəriyyəsi mühüm yer tutur. Bu nəzəriyyəyə görə, hansı cins nəsil artırmaq üçün daha çox enerji və resurs sərf edirsə, o cins daha seçici olur. Qadın orqanizmi hamiləlik, doğuş, südvermə və övladın qayğısını çəkmə kimi çox enerji tələb edən mərhələlərdən keçir. Bu səbəbdən qadınlar partnyor seçimində daha diqqətli və seçici davranmağa təkamülən məcbur olublar. Kişilərdə isə vəziyyət fərqlidir. Sperma hüceyrəsi yaranması üçün bədəndən çox az enerji tələb edir. Yəni kişi təkamül baxımından nəsil artırmaq üçün az enerji sərf edir. Bu səbəbdən onlarda seçicilik mexanizmi qadınlardakı qədər güclü formalaşmayıb. Kişi beyninin əsas instinkti genlərini mümkün qədər çox sayda nəsilə ötürməkdir. Təkamül baxımından baxdıqda, tarixi olaraq ən çox nəsil artıran fərdlər (yəni çoxlu övlad sahibi olanlar) genlərini növbəti nəsillərə ötürə biliblər. “Boş ver” deyib çoxalma prosesindən uzaq qalan fərdlərin genləri isə zamanla yoxa çıxıb. Beləcə, çoxalma istəyi və cinsi müxtəliflik meyli tədricən kişi beyninin genetik koduna yerləşib. Digər tərəfdən, beyin enerjini qənaətlə istifadə edən bir orqandır. İnsanlıq təkamül dövründə daim çatışmazlıq mühitində yaşayıb, bu da beynin enerjini qoruma instinktini gücləndirib. Seçicilik, davranış vərdişləri və instinktiv qərarlar bu enerji qənaəti mexanizminin bir parçasıdır. Xəyanət bəzən “şüurlu seçim” kimi görünsə də, əslində onun arxasında bioloji və hormonal mexanizmlər dayanır. Kişi orqanizmində testosteron və dopamin kimi hormonlar davranış üzərində güclü təsir göstərir. Bu hormonlar beyində “mükafat sistemi”ni aktivləşdirərək, yeni partnyorla münasibət qurmaqdan alınan qısa müddətli həyəcanı artırır. Əgər kişi bu instinkti idarə edə biləcək şüurlu qərar vermə mexanizmini inkişaf etdirməyibsə və şərait də buna uyğundursa, xəyanət etmə ehtimalı yüksəlir. Yekunda, kişilərdə xəyanət meyli təkcə əxlaqi və sosial deyil, həm də təkamül və biologiyanın təsiri ilə formalaşmış bir davranış modelidir. Lakin bu, onun “qaçılmaz” olduğu anlamına gəlmir. Çünki insan şüuru və sosial dəyərlər bioloji instinktləri idarə etmə gücünə malikdir.

 

-İnsanlar qız və ya oğlan kimi doğulurlar, lakin müəyyən yaşdan sonra əks cinsə meyl göstərə bilirlər. Bunun səbəbi nədir? Burada genetik və bioloji faktorların rolu varmı?

 

 

-İnsanlar qız və ya oğlan kimi dünyaya gəlirlər, lakin müəyyən yaşdan sonra bəzən əks cinsə maraq və ya meyl fərqli istiqamətdə formalaşa bilər. Bunun arxasında genetik, bioloji və hormonal amillərin ciddi rolu var. İnsanın cinsiyyəti sperma və yumurta hüceyrəsinin birləşməsi zamanı müəyyənləşir. Qadınlarda XX, kişilərdə isə XY xromosomları olur. Y xromosomu, əslində, X xromosomunun zəifləmiş forması sayılır. Maraqlı olan odur ki, insan embrionu hamiləliyin ilk 2-3 ayında neytral, yəni qız xüsusiyyətləri ilə inkişaf edir. Yalnız üçüncü ayda Y xromosomu aktivləşəndə kişiyə xas xüsusiyyətlərin formalaşması başlayır. Bu prosesi əsasən testosteron hormonu idarə edir. Testosteronun təsiri nəticəsində beyində müəyyən fərqlər yaranır. Məsələn, bu hormon bəzən sol beyin yarımkürəsinin inkişafını sağ yarımkürəyə nisbətən bir qədər ləngidə bilir. Sol yarımkürə danışıq, dil öyrənmə və məntiq kimi funksiyalara cavabdehdir. Buna görə də kişilərdə doğuşdan sonra dil bacarıqları və cavabvermə sürəti qadınlara nisbətən bir qədər zəif inkişaf edir. Beyində hipotalamus adlı bir bölgə var və onun daxilində seksual dimorfik nüvə deyilən hissə yerləşir. Elmi araşdırmalara görə, testosteron bu nüvəyə nə qədər çox təsir edərsə, həmin sahə bir o qədər böyük olur. Kişilərdə bu hissə qadınlara nisbətən təxminən iki dəfə böyükdür. Həmin bölgə nə qədər inkişaf etmiş olarsa, qarşı cinsə yəni qadınlara qarşı cinsi cazibə də bir o qədər güclü olur. Əgər hamiləlik zamanı anada hormonal pozğunluqlar və ya stress kimi vəziyyətlər olarsa, bu sahənin inkişafı pozula bilər. Nəticədə, uşaqda həmin bölgə lazımi qədər böyümür və bu da heteroseksual meylin azalmasına səbəb ola bilər. Qadın embrionlarında isə əks vəziyyət müşahidə olunur: əgər anada hamiləlik dövründə testosteron səviyyəsi yüksək olarsa (məsələn, stress, müharibə, qorxu və s. səbəbindən), bu zaman qız uşaqlarında həmin hissə daha böyük formalaşa bilər. Bu da gələcəkdə eyni cinsə marağın yaranmasına yəni lezbiyanlığa gətirib çıxara bilər. Bu səbəbdən, cinsi meyllərin formalaşmasını yalnız “şəxsi seçim” kimi izah etmək elmi baxımdan tam düzgün deyil. İnsan davranışları və meylləri çox zaman bioloji, genetik və epigenetik mexanizmlərin nəticəsidir. Hətta bir neçə nəsil əvvəl baş vermiş epigenetik dəyişikliklər belə insanın bu gün kim olmasına və hansı cinsi meyli daşımasına təsir göstərə bilər.

 

-“Beyin cinsiyyəti” ilə bioloji cinsiyyət arasındakı fərqi necə müəyyən etmək olar?

 

-“Beyin cinsiyyəti” anlayışı bioloji cinsiyyətlə eyni şey deyil. Bioloji cinsiyyət insanın xromosomları, hormonları və cinsiyyət orqanları ilə müəyyən olunur (yəni kişi — XY, qadın — XX). Beyin cinsiyyəti isə insanın beynindəki sinir əlaqələrinin və hormonal təsirlərin nəticəsində formalaşan psixoloji və neyrobioloji xüsusiyyətlər toplusudur. Bu fərqi başa düşmək üçün bilməliyik ki, insanları sadəcə “sağ beyinli” və ya “sol beyinli” kimi ayırmaq doğru deyil. Hər bir insan beyninin hər iki yarımkürəsindən eyni zamanda istifadə edir, sadəcə bəzi hallarda biri digəri üzərində bir qədər üstünlük qazana bilər. Araşdırmalara görə, ana bətnində testosteron hormonuna məruz qalma dərəcəsi beynin formalaşmasına mühüm təsir göstərir. Məsələn, testosteronun yüksək olduğu hallarda sol beyin yarımkürəsinin inkişafı bir qədər ləngiyir və bu, beyində erkək tipli sinir əlaqələrinin üstünlük təşkil etməsinə gətirib çıxarır. Bu fərq təkcə beyində deyil, bədənin digər hissələrində də özünü göstərə bilir. Maraqlı bir müşahidə barmaq uzunluqları da ana bətnindəki hormon təsirinin göstəricisi ola bilər. Əgər üzük barmağı işarə barmağından uzundursa, bu, həmin şəxsin ana bətnində daha çox testosterona məruz qaldığını göstərir yəni “erkək beyinli” xüsusiyyətlərə malik ola bilər. Əgər işarə barmağı üzük barmağı ilə bərabərdirsə və ya ondan uzundursa, bu, “dişi beyinli” quruluşa işarə sayılır. Bu prinsipi nəzərə alaraq, insanları yalnız kişi və qadın kimi deyil, dörd əsas beyin tipi üzrə dişi beyinli qadınlar, dişi beyinli kişilər, erkək beyinli qadınlar, erkək beyinli kişilər kimi qruplaşdırmaq mümkündür. Hətta bəzi hallarda bu dörd kateqoriyadan da kənara çıxan, daha kompleks beyin tipləri formalaşa bilər. Ana bətnində ananın stress səviyyəsi, hormonal balansı, qidalanma tərzi və maddələr mübadiləsi də bu prosesə təsir edir. Məsələn, hamiləlik dövründə yüksək stress və ya hormonal dəyişikliklər uşağın sinir sisteminin inkişafını dəyişdirə və onun gələcəkdə beyin cinsiyyətinə, davranışına, hətta emosional reaksiyalarına təsir göstərə bilər. Yəni, beyin cinsiyyəti insanın bioloji cinsiyyətindən fərqli olaraq, hormonal, neyroloji və epigenetik faktorların təsiri ilə formalaşan daha dərin bir xüsusiyyətdir.

 

-Sevgi bir insanda necə yaranır? Bu duyğu hər kəsə qarşı yarana bilərmi?

 

 

-Sevgi hissi insanın ən mürəkkəb emosional təzahürlərindən biridir və onun yaranması həm bioloji, həm psixoloji, həm də sosial mexanizmlərlə izah olunur. Əvvəlcə qısqanclıq hissəsindən danışaq. Qısqanclıq təkamül prosesində yaranmış, insanın öz genlərinin növbəti nəsilə ötürülməsini qorumaq üçün formalaşmış müdafiə mexanizmidir. Bu duyğu, partnyorun diqqətinin başqa birinə yönəlməsini və ya xəyanət riskini şüuraltı şəkildə “təhlükə” kimi qəbul edir. Başqa sözlə, qısqanclıq sevgidən çox, genetik davamlılığı qoruma instinkti ilə bağlıdır. İnsanın dünyada 60 minə qədər ruh yoldaşı ola biləcəyi fikri isə bioloji mənada belə izah olunur. Genetik müxtəliflik və uyğunluq baxımından bir insanın bir çox fərqli genetik tərkibə malik insanlarla nəsil davam etdirmə potensialı var. Yəni ruh yoldaşı anlayışı romantik səslənsə də, onun əsasında genetik uyğunluq və bioloji cazibə dayanır. Sevgi, ehtiras və bağlılıq bir növ çoxalma mexanizminin emosional təzahürüdür. İnsan instinktiv olaraq tək qalmaqdan qaçır, çünki təkamül baxımından cütlük münasibətləri təhlükəsizliyi və gen ötürülməsini təmin edir. Əgər sevgi, bağlılıq və ehtiras kimi hisslər mövcud olmasaydı, qədim dövrlərdə insanlar birlikdə qalmaq üçün kifayət qədər motivasiyaya sahib olmazdılar.

 

Müasir dövrdə sosial media, texnologiya və təhlükəsiz mühit bizə münasibətləri uzaqdan da qurmaq imkanı versə də, beyin hələ də təkamül dövründən qalan mexanizmlərlə işləyir. Yəni, iki insanı bir-birinə bağlayan əsas qüvvə yenə də bioloji sevgi sistemidir. Sevgi, ilk mərhələdə adətən hormonların təsiri ilə yaranır. Bu mərhələdə dopamin (zövq və həyəcan hormonu), oksitosin (bağlılıq hormonu) və testosteron (istək və cəlbedicilik hormonu) kimi maddələr aktivləşir. Məhz bu hormon balansı sevginin “ilk baxışda” yaranması kimi hiss edilən vəziyyəti yaradır. Amma bu hiss böyük ölçüdə bədən kimyasının təsadüfi uyğunluğu ilə bağlıdır. Məsələn, eyni iki insan başqa bir vəziyyətdə, fərqli hormonal səviyyədə tanış olsaydı, bəlkə də bir-birlərinə eyni dərəcədə cəlb olunmayacaqdılar. Beynimiz şüuraltı şəkildə qarşı tərəfi “analiz edir”. Qadın kişidəki testosteron səviyyəsini, kişi isə qadının estrogen və məhsuldarlıq siqnallarını hiss edir. Bu, sözlə deyil, feromonlar və mikroifadələr vasitəsilə baş verir. Əgər sosial və mədəni təzyiqlər olmasa, insanın sevgidəki seçimləri daha çox bioloji uyğunluğa əsaslanar. Lakin müasir cəmiyyət, ailə dəyərləri, sosial norma və təcrübələr bu instinktləri ya gücləndirir, ya da zəiflədir. Sevgi bir tərəfdən təkamülün davamı, digər tərəfdən isə insan beyninin ən gözəl illüziyasıdır həm bioloji məqsəd daşıyır, həm də mənəvi dəyərlərlə bəzənir.

 

-Sevginin bitmə müddəti varmı? Münasibətlərdə bu proses bioloji və psixoloji olaraq necə tənzimlənir?

 

-Sevginin, əslində, bioloji baxımdan müəyyən bir ömrü var. Tədqiqatlara görə, romantik sevgi mərhələsi beyindəki hormonların intensiv fəaliyyəti ilə əlaqədardır və bu mərhələ təxminən 2,5-3 il davam edir. Bu dövrdə insan beyni, sanki “dərman təsiri altındadır” ağlı və davranışları hormonal sistem tərəfindən idarə olunur. Bu prosesdə əsas rolları dopamin, adrenalin, serotonin və norepinefrin kimi “sevgi hormonları” oynayır. Dopamin insanda həyəcan və xoşbəxtlik hissi yaradır, adrenalin ürək döyüntülərini artırır, serotonin isə zehni məşğul edir, insan sevgilisini düşünməkdən dayana bilmir. Beyin bu vəziyyətdə bir növ “asılılıq” halına düşür. Bu səbəbdən də sevgi insanı “uçurur”, məntiqi düşünmə qabiliyyəti zəifləyir. Amma beyin uzun müddət bu vəziyyətdə qala bilmir. Çünki bu bioloji cəhətdən enerji baxımından çox baha başa gəlir. Təxminən 3 ildən sonra bu hormonların səviyyəsi azalmağa başlayır, yerini oksitosin və vazopressin kimi bağlılıq hormonları tutur. Bu dəyişiklik təsadüfi deyil: insanın təbii çoxalma dövrünə uyğunlaşdırılıb. Yəni iki insanın bir-birinə bağlanması, ailə qurması, uşağın doğulması və onun təxminən 2-3 yaşına qədər böyüməsi üçün sevgi hormonları aktiv olur. Daha sonra “romantik sevgi” sönür, onun yerinə “dərin bağlılıq” gəlir. Bu mərhələdən sonra münasibət artıq bioloji deyil, şüurlu seçim üzərində davam edir. Əgər tərəflər bir-birlərinə hörmət, anlayış və dostluq münasibəti qurmayıblarsa, sevgi hormonlarının azalması ilə əlaqənin dağılması qaçılmaz olur. Amma əgər qarşılıqlı inam, birgə dəyərlər və mənəvi yaxınlıq formalaşıbsa, bu, “sevginin sönməsi” yox, başqa mərhələyə keçidi deməkdir. Elm bu prosesi beyin görüntüləri ilə də təsdiqləyib.

 

Təzə evlənən insanların beynində amigdala (emosional reaksiya mərkəzi) daha aktiv olur, yəni onlar hisslərin təsiri altındadırlar. 10-20 il evli olan insanlarda isə frontal korteks- düşünmə, planlaşdırma və dəyərləndirmə funksiyalarına cavabdeh hissə daha çox aktivləşir. Bu da göstərir ki, uzunmüddətli münasibətlərdə emosiyaları məntiq əvəz edir. Əgər kimsə “mən illərdir ilk günkü kimi sevirəm” deyirsə, bu, bioloji baxımdan mümkün deyil. Ya həmin insan dürüst deyil, ya da psixoloji cəhətdən problem yaşayır. Çünki hormon sistemi uzun müddət eyni intensivlikdə fəaliyyət göstərə bilmir. Xəyanət məsələsinə gəlincə, bu da bioloji mexanizmlə bağlıdır. Kişilər təkamül baxımından genlərini mümkün qədər çox yaymağa proqramlanıblar, buna görə də fiziki xəyanətə daha çox meyilli olurlar. Qadınlar isə uşağın sağ qalması və qorunması ilə bağlı məsuliyyət daşıdıqları üçün emosional sabitliyə üstünlük verirlər. Bu səbəbdən qadınlar emosional xəyanəti daha ağır qəbul edir, kişilər isə fiziki xəyanəti bağışlamaqda çətinlik çəkirlər. Çünki onlar üçün “uşağın genetik mənşəyi” önəmlidir. Təbii ki, müasir dövrdə sosial, mədəni və mənəvi dəyərlər bu bioloji mexanizmləri dəyişdirir və tənzimləyir. Lakin sosial təzyiqlər olmasaydı, bu instinktlər açıq şəkildə özünü göstərərdi.

 

-Bəzi kişilər niyə özündən güclü və müstəqil qadınlardan çəkinirlər?

 

-Bəzi kişilərin özündən güclü və müstəqil qadınlardan çəkinməsi çox vaxt sosial gözləntilər, gender rolları və psixoloji faktorlarla bağlıdır. Xüsusilə idarəetmə mövqelərində olan qadınlarla ünsiyyətdə bu məsələ daha nəzərə çarpır. Məsələn, bir idarədə rəhbər qadındırsa, onun öz mövqeyinə görə üzərində sosial təzyiq hiss etməsi mümkündür. “Mən müdirəm, idarəçiyəm, sərt və nəzarətçi olmalıyam” kimi daxili təzyiq qadının davranışında müəyyən gərginlik yarada bilər. Bu vəziyyət kollektivdə çaşqınlığa səbəb olur. Çünki kişi beyni qadından bioloji və sosial olaraq daha çox mərhəmət, qayğı, yumşaq ünsiyyət və dəstəkləyici davranış gözləməyə öyrəşib. Qadın rəhbər bu gözləntilərdən kənar davrananda daha sərt, rəsmi və tələbkar olanda bəzi kişilərdə qeyri-müəyyənlik və narahatlıq hissləri yaranır. Bu da onların diqqətini yayındırır, psixoloji rahatlığını azaldır və nəticədə iş qabiliyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, güclü və müstəqil qadınlarla işləmək bəzi kişilərdə özünü təsdiq ehtiyacını “təhdid olunmuş” kimi hiss etdirə bilər. Onlar üçün qadının yüksək statusda olması özlərinin ənənəvi rollarına uyğun gəlmir. Bu uyğunsuzluq da davranışlarında passivlik, özgüvənin azalması və performansın zəifləməsi ilə nəticələnə bilər. Nəticədə yaranan dinamika təkcə fərdi psixologiya ilə deyil, həm də cəmiyyətin illərlə formalaşdırdığı cinsiyyət rolları ilə bağlıdır. Qadının rəhbər mövqeyində olması bəzi kişilərdə adaptasiya çətinliyi yaradır və bu çətinlik həm münasibətdə, həm də işin gedişində özünü hiss etdirə bilir.

 

-Şüuraltını idarə etmək mümkündürmü? Əgər mümkündürsə, necə?

 

 

-Şüuraltı insan psixikasının ən güclü və ən qədim qatıdır. Biz gündəlik həyatımızın böyük hissəsini avtomatik davranışlarla yaşayırıq, lakin bu davranışların çoxu məhz şüuraltı tərəfindən idarə olunur. Şüuraltı həm xatirələri, həm qorxuları, həm də öyrəndiyimiz bütün vərdişləri özündə saxlayır. Buna görə onu anlamaq bəzən çətin görünür. Lakin şüuraltını müəyyən dərəcədə idarə etmək mümkündür. Bunun üçün ilk addım özümüzü müşahidə etməkdir. Hansı situasiyada niyə belə reaksiya verdiyimizi anlamaq, hansı vərdişin hardan gəldiyini çözmək. Şüuraltı “işıqlandırıldıqca” gücünü itirir. Yəni, insan davranışının səbəbini başa düşəndə, onu dəyişdirmək daha asan olur. Meditasiya, psixoterapiya, təkrarlanan pozitiv davranışlar, məqsədyönlü düşüncə və vərdişlərin tədricən yenilənməsi şüuraltını yenidən proqramlaşdırmağa kömək edir. Bu proses gec baş verir, amma ardıcıl çalışanda insan avtomatik reaksiyalarını idarə etməyi öyrənir və emosional stabillik artır.

 

-İnsan niyə bəzən keçmiş sevgilisini unuda bilmir?

 

-Bir insan keçmiş sevgilisini unuda bilmirsə, bunun əsas səbəbi tamamlanmamış emosional hekayədir. Münasibət kəsinti ilə, qəfil, səbəbi bilinmədən və ya aydınlaşmamış suallarla bitibsə, beyin bunu həll olunmamış problem kimi qəbul edir. İnsan beyni həmişə “nəticəni bilmək” istəyir. Bağlanmamış dövrələr isə emosional olaraq narahatlıq yaradır. Bundan əlavə, keçmiş sevgili ilə bağlı xoş anlar, nostalji, beyində dopamin və oksitosin izləri qoyur. Yeni münasibətə başlasa belə, beyindəki bu izlər müəyyən xatirələri aktivləşdirir və insanı emosional olaraq geriyə çəkir. Xüsusilə tənha, stresli və ya emosional boşluqda olan insanlar şüuraltı şəkildə köhnə tanışlığa sığınmağa meyilli olur. Əslində bu, “sevgiyə qayıtmaq” deyil, beyinin tanış olan təhlükəsizliyə qayıtmaq cəhdidir.

 

-Qadınlar niyə güclü kişiləri cəlbedici hesab edir?

 

-Qadınların güclü kişiləri cəlbedici hesab etməsi təkcə sosial faktorlarla deyil, milyon illik bioloji kodlarla bağlıdır. Təbiətdə dişilər daha seçicidir, çünki övladın həyatda qalması onların seçiminə bağlıdır. Ona görə də qadınlar tarix boyu qoruyucu, təminedici, xaraktercə sabit və güclü kişiləri üstün tutublar. Keçmişdə bu güc fiziki güc şəklində idi-ov etmək, qorumak, təhlükədən uzaq tutmaq. Müasir dövrdə isə fiziki gücün funksiyası dəyişib və maddi güc, sosial status və intellektual imkanlarla əvəz olunub. Yəni qadın üçün güc artıq “kim daha yaxşı təmin edə bilər?” sualı ilə ölçülür. Bu heç bir halda maddiyyatçılıq deyil, qadın beyni təhlükəsizlik və sabitlik axtarır. Maddi güc isə müasir dünyanın təhlükəsizlik formasıdır. Ona görə qadınların bu cür kişiləri seçməsi bioloji olaraq çox təbiidir.

 

-Niyə insanlar həmişə eyni tip partnyor seçir?

 

-İnsanların münasibətlərində eyni xarakterli partnyor seçmələri uşaqlıqdakı bağlanma təcrübələri ilə dərin şəkildə bağlıdır. Körpəlik dövrü beynin emosional xəritəsinin formalaşdığı dövrdür. Bu dövrdə uşaq hansı səsi, davranışı və münasibəti sevgi, diqqət, təhlükə və ya rədd edilmə kimi qəbul edirsə, beyin onu “sevgi modelinə” çevirir. Məsələn, oğlan uşağı ilk illərdə ananın şəfqətini görür, lakin çətinlik çəkdiyi məqamlarda ananın atasına yönəldiyini müşahidə etdikdə, şüuraltı şəkildə belə bir nəticəyə gəlir ki, “Anamı qazanmaq üçün atam kimi olmalıyam”. Qızlarda isə eyni proses əksinə işləyir. Onlar atasına bənzər davranış modeli olan kişilərə daha çox meyil edirlər. Beyin uşaqlıqda tanış olan davranışları “sevgi” kimi kodlaşdırdığı üçün insan böyüdükdə də həmin tanış nümunəyə geri qayıdır, çünki tanış olan beyin üçün təhlükəsiz görünür, hətta real həyatda zərərli olsa belə.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR