Bu kəndi ziyarət edənlərə qızıl hədiyyə edilir

Argentinada cəmi 300 nəfərə yaxın əhalisi olan kiçik bir kənd qış mövsümündə turist sayını artırmaq üçün maraqlı kampaniyaya start verib. Belə ki, kəndi ziyarət edən turistlər arasında hər gün 18 əyarlı qızılın oynanıldığı lotereya keçirilir.
Sfera.az xəbər verir ki, söhbət Argentinanın tarixi La Karolina (La Carolina) kəndindən gedir.
200 ildən artıq tarixə malik olan La Karolina daş döşənmiş küçələri, müstəmləkə dövrünə aid evləri və qədim qızıl mədənləri ilə tanınır. Vaxtilə ölkənin mühüm qızıl hasilatı mərkəzlərindən biri olan kənd bu dəfə fərqli təşəbbüsü ilə gündəmə gəlib.
Tarixi yaşayış məntəqəsinin rəhbərliyi kəndə gələn turistlər arasında hər gün yarım qram 18 əyarlı qızıl hədiyyə edir. Maraqlısı isə odur ki, təqdim olunan qızıllar zərgərlik mağazalarından alınmır.
Mükafat kimi verilən qızıllar kəndin çay və dərələrində ənənəvi üsullarla qızıl axtarmağa davam edən yerli mədənçilər tərəfindən çıxarılır. Bununla həm iki əsrdən artıq yaşı olan mədənçilik tarixi turistlərə tanıdılır, həm də yerli iqtisadiyyata dəstək verilir.
Turistlərin lotereyada iştirak etməsi üçün yalnız avtomobil dayanacağının qəbzini və ya ziyarət qeydiyyatını təqdim etmələri kifayətdir. Hər gün keçirilən püşkatmanın qalibi isə günün sonunda elan olunur.
Mənsumə






