Mənfi 71 dərəcə ilə rekord qıran yer

Rusiyanın Saxa Respublikasındakı Oymyakon, dünyanın ən soyuq yaşayış məntəqəsi kimi tanınır. Qışda temperaturun mənfi 60 dərəcəyə çatması burada həyatın bütün sahələrinə ciddi təsir göstərir. Təxminən 2000 nəfərin yaşadığı bu kənd “Soyuq Qütb” kimi məşhurdur. Evlər sadədir, infrastruktur məhduddur, nəqliyyat isə böyük problem yaradır. Bütün çətinliklərə baxmayaraq, Oymyakon sakinləri həm ənənələrini, həm də özünəməxsus həyat tərzlərini qoruyurlar.
Oymyakon dünyanın ən soyuq daimi yaşayış məntəqəsi hesab olunur və qış aylarında temperatur tez-tez -60°C-yə qədər enir. Hətta ilin ən mülayim günlərində belə havanın temperaturu nadir hallarda -30°C-dən yuxarı qalxır. Kənd “Oymyakon çökəkliyi” kimi tanınan vadidə yerləşdiyindən, soyuq hava burada toplanıb uzun müddət qalır. 1924-cü ildə qeydə alınmış -71,2°C temperatur hələ də kənd meydanındakı abidə ilə xatırlanır.
Ekstremal soyuq şərait gündəlik həyatı xeyli çətinləşdirir. Donma riski səbəbindən santexnika bir neçə dəqiqəyə sıradan çıxa bilər və buna görə də bir çox evdə daxili vanna otağı yoxdur. Avtomobillərin mühərrikləri tez donduğu üçün sürücülər maşınlarını gün boyu işlək vəziyyətdə saxlamağa məcbur olurlar. Regionda mərkəzləşdirilmiş istilik sistemi demək olar ki, yoxdur. Evlər əsasən larç ağacının yandırılması ilə isitilir, bəzi ailələr bir qış mövsümündə 100 kubmetrdən çox odun sərf edir.
75 yaşlı Qaliya evinin döşəməsindən gələn soyuqla mübarizə aparmaq üçün şimal maralı dərisindən hazırlanmış ənənəvi çəkmələr geyinir. Onun üçün bu, artıq sadəcə geyim deyil, gündəlik həyatın zəruri hissəsidir.
Əhalinin əsas məşğuliyyəti şimal maralı, yakut mal-qara və atların yetişdirilməsidir. Lakin ekstremal soyuq bu dözümlü heyvanlara da təsir göstərir. Temperatur -30°C-dən aşağı düşəndə heyvanlar izolyasiya olunmuş tövlələrə köçürülür. Fermer Evdakia 47 inəyini -10 ilə -15°C arasında dəyişən temperaturda saxladığını bildirir.
Coğrafi mövqeyinə görə Oymyakon dünyanın ən təcrid olunmuş yaşayış məntəqələrindən biridir. Əsas nəqliyyat xətti “Sümük Yolu” kimi tanınan Kolyma şossesidir. Sovet dövründə məhkum əməyilə inşa edilmiş bu yol qış aylarında keçilməz hala gəlir. Həddindən artıq soyuq səbəbindən nəqliyyat vasitələrini söndürmək mümkün olmur: mühərriklər donur, yanacaq kristallaşır, batareyalar isə bir neçə saata boşalır. Hava nəqliyyatı da çətinliklərlə üzləşir — Yakutskdakı ən yaxın hava limanına çatmaq iki gün çəkə bilər. Qışda güclü qar və şaxta səbəbindən təyyarələrin enişi tez-tez təxirə salınır.
Bütün bunlara görə Oymyakon sakinləri ilin böyük hissəsini dünyadan təcrid olunmuş şəkildə yaşayırlar.
Kəndin mədəniyyəti Yakut ənənələrinin izlərini daşıyır. Burada Çısxaan adlı “Soyuqların Ağası” folklor personajı xüsusi yer tutur. Çısxaan Mağarasındakı buz heykəlləri bölgənin mədəniyyət mərkəzi sayılır. Qışın sonunda keçirilən “Soyuq Qütb Festivalı”nda maral qaçışları, xizək yürüşləri və buzda balıq ovu kimi ənənəvi yarışlar təşkil olunur.
Kənd məktəbi – 107 şagirdi ilə – gənc nəsilin mədəni kimliyini qoruyan əsas ocaqlardan biridir. Şagirdlər dərsə qalın xəz çəkmələrlə gəlir, tədris planına isə bölgənin təbiəti, heyvandarlıq ənənələri və yerli tarix daxil edilib. Yerli muzey həmçinin Stalin dövründə bura sürgün edilən rəssam və yazıçıların xatirəsini yaşadır.
Aynil






