ABŞ-də “Instagram kralı” saxlanıldı
ABŞ-də sosial şəbəkələrdə dəbdəbəli həyat tərzi ilə tanınan, “Instagram kralı” ləqəbli iranəsilli Farzad Toni Toutuni saxlanılıb. ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşları 55 yaşlı şəxsi oktyabrın 27-də Los-Ancelesdə həbs ediblər.
Sfera.az xəbər verir ki, bir milyondan çox izləyicisi olan Toutuni sosial şəbəkədə lüks avtomobillər, şəxsi təyyarələr, böyük pul dəstələri və dəbdəbəli məclislərdən görüntülər paylaşması ilə tanınıb.
O, Hollivud təpələrində yerləşən 5 milyon dollarlıq malikanədə yaşayıb.
ABŞ rəsmiləri onun ölkədə qanunsuz qalmaqla yanaşı, adam oğurluğu, soyğunçuluq, hədə-qorxu və digər cinayətlərlə əlaqəli keçmişinin olduğunu bildiriblər. Məlumata görə, Toutuni 1983-cü ildə ABŞ-yə qanuni yolla gəlib. 1993-cü və 1999-cu illərdə ölkədən çıxarılması barədə qərarlar verilib. 1999-cu ildə Meksikaya deportasiya edilsə də, sonradan yenidən ABŞ-yə qanunsuz daxil olduğu iddia olunur.
ICE-nin açıqlamasına əsasən, o, 2011-ci ildə Kanadadan ABŞ-yə elektrik mühərrikli qayıq vasitəsilə çaydan keçərək daxil olub.
Rəsmilər Toutuninin əvvəllər saxta çek, oğurluq, saxtakarlıq, cinayətkar sövdələşmə və narkotik maddələrin satışı ilə bağlı ittihamlarla da üzləşdiyini bildiriblər. O, bəzi ittihamlar üzrə 16 aydan çox həbs cəzasına məhkum edilib.
Hazırda federal nəzarətdə saxlanılan Toutuni barəsində ölkədən deportasiya proseduruna başlanılıb.
İradə Elsevər






