İngilis vəkillərinin parik sirri: ənənənin gizli səbəbi

İngilis vəkillərinin əsrlər boyu davam edən parik taxma ənənəsi hələ də çoxlarını maraqlandırır. Ağ, qıvrım pariklər uzun illərdir İngiltərə hüquq sisteminin ən tanınan simvollarından biri hesab olunur. Müasir məhkəmələrdə bir qədər qəribə görünsələr də, bu aksesuarlar sadəcə moda elementi deyil, dərin tarixi köklərə malik simvolik bir ənənənin davamıdır. Bəs bu pariklərin bu gün də geniş şəkildə istifadə edilməsinin səbəbi nədir?
Sfera.az mövzu ilə bağlı geniş məlumat təqdim edir.
İngiltərədə məhkəmə zalına parik gətirilməsi ənənəsi 17-ci əsrin ortalarında yaranıb. Həmin dövrdə sifilis kimi xəstəliklər saç tökülməsinə səbəb olduğundan parik taxmaq geniş yayılmışdı. Fransa kralı XIV Lüdovikin populyarlaşdırdığı bu dəb daha sonra İngiltərə kralı II Çarlz tərəfindən də qəbul edilib və pariklər aristokratiya arasında status rəmzi sayılmağa başlayıb. Bu illərdə hakim və vəkillərin oxşar formal geyimlərdən istifadə etməsi qaydası müəyyən olunub. Nəticədə pariklər tezliklə məhkəmə geyiminin bir hissəsinə çevrilib və 1685-ci ildən etibarən rəsmi olaraq məcburi elan edilib.
Bu ənənənin bu günə qədər qorunmasının əsas səbəblərindən biri “qanunun qərəzsizliyi” anlayışını gücləndirməkdir.
Parik və xalat geyinmək vəkilin şəxsi görünüşünü ikinci plana keçirir və diqqəti işin mahiyyətinə yönəldir. Bu, məhkəmə prosesinin şəxsi münasibətlərə deyil, qanun və sübutlara əsaslandığını vurğulayır. Anonim görüntü yaratmaqla vəkilin şəxsi təsirinin və ya xarici görünüşünün prosesə müdaxilə etmək imkanları minimuma endirilir. Pariklər həmçinin məhkəmə zalına rəsmi və təntənəli bir ab-hava qataraq, məhkəmənin ciddiliyini həm iştirakçılara, həm də ictimaiyyətə vizual şəkildə çatdırır.
Bundan əlavə, pariklər ümumi hüquq sisteminin tarixi irsinin simvoludur.
Bu ənənənin davam etdirilməsi keçmiş nəsillərin hüquqi ənənələrinə hörmət kimi qiymətləndirilir. Bəzi hallarda parik taxmamaq hətta məhkəməyə hörmətsizlik kimi qəbul oluna bilər. Hərçənd bu gün bəzi mülki və ailə məhkəmələrində parik zərurəti aradan qaldırılıb, cinayət işlərində isə bu ənənə hələ də peşəkarlıq və status göstəricisi kimi qalmaqdadır.
Müasir dövrdə bu ənənənin davam edib-etməməsi barədə müzakirələr olsa da, pariklər İngiltərə ədalət sisteminin simvolik bir elementi olaraq öz yerini qorumağa davam edir.
Aynil






