Bu qatar yalnız bir qız üçün dayanırdı:“möcüzə stansiyası”

Yaponiyanın Kyu-Şirataki Stansiyası illər boyunca yalnız bir sərnişinə xidmət göstərib. Bu stansiyanı xüsusi edən səbəb isə bir məktəbli qızın təhsilini davam etdirə bilməsi üçün açıq saxlanılması idi. Zamanla stansiya demək olar ki, tamamilə istifadəsiz qalıb, lakin bağlanmaq ərəfəsində Yaponiya Dəmir Yolları şirkətinin verdiyi qərar onun taleyini dəyişdirib.
Sfera.az bütün dünyanı təsirləndirən bu hekayənin təfərrüatlarını təqdim edir.
Engaru şəhərində yerləşən Kyu-Şirataki Stansiyası 1947-ci ildə istifadəyə verilib. Lakin illər keçdikcə bölgədə əhali azalıb və sərnişin sayı demək olar ki, sıfıra enib. 2015-ci ilə qədər Yaponiya Dəmir Yolları stansiyanın az istifadə olunduğu üçün bağlanmasına qərar verib. Lakin bu plan bir orta məktəb şagirdinin həyatı sayəsində dəyişib.
Kana Harada adlı gənc bir qız hər səhər məktəbə getmək üçün məhz bu dəmir yolu xəttindən istifadə edirdi. Onun doğulduğu kənddə cəmi 36 sakin yaşayırdı və Harada stansiyadan istifadə edən yeganə şagird idi.
Qatarın hərəkət qrafiki onun dərs cədvəlinə uyğun şəkildə tənzimlənmişdi: səhər məktəbə aparan, axşam isə geri gətirən iki reys. İllərlə yalnız bu qız üçün hərəkət edən qatar, gündə cəmi iki dəfə stansiyada dayanırdı.
Əgər bu stansiya olmasaydı, Kana Harada məktəbə çatmaq üçün 73 dəqiqə piyada yol getməli olardı. Üstəlik, həmin bölgədə gündə cəmi dörd qatar işləyirdi və onlardan yalnız ikisi onun dərs vaxtına uyğun gəlirdi. Bu səbəbdən Harada bəzən son qatara çatmaq üçün dərsdən erkən çıxmalı olurdu və dostları ilə dərsdən sonrakı fəaliyyətlərə qatıla bilmirdi.
Bütün çətinliklərə baxmayaraq, Kana Harada təhsilini bu qatar sayəsində davam etdirə bilib. Yaponiya Dəmir Yolları onun məktəbi bitirənədək stansiyanı açıq saxlamaq qərarına gəlib. Bu jest ölkə ictimaiyyətində təhsilin dəyəri və insanlığa hörmətin simvolu kimi qarşılanıb.
Kana Harada 2016-cı ildə məzun olduqda, Kyu-Şirataki Stansiyasının missiyası da başa çatıb. Mart ayında stansiyada son qatar hərəkət edib və 69 illik tarixinə rəsmi olaraq vida edilib. Bağlanma günü yerli sakinlər və jurnalistlər son səfəri izləmək üçün stansiyada toplaşıblar. Kiçik bir çadırda ziyarətçilərə süd və şirin kartof ikram edilib.
Bir müddət sonra stansiya tamamilə bağlanıb və taxta binası sökülüb. Beynəlxalq mətbuat bu hadisəni “mənfəət üçün deyil, insanlıq üçün xidmət” kimi dəyərləndirib.
Aynil






