Dünyanı silkələyən treyler: Maykl Cekson filmi rekord qırdı

Pop musiqisinin əfsanəsi Maykl Cekson haqqında çəkilən yeni film hələ nümayişə girmədən tarixə düşüb.
Sfera.az xəbər verir ki, “Lionsgate” studiyasının hazırladığı “Maykl” adlı bioqrafik filmin ilk treyleri yayımlandıqdan sonra rekord baxış sayı toplayıb. Bu, həmçinin “Lionsgate” tarixində ən çox izlənilən treyler buraxılışı olub. Qısacası, Maykl Ceksonun həyatından bəhs edən film yalnız treyleri ilə belə böyük ajiotaj yaradıb.
“WaveMetrix” məlumat şirkətinin açıqlamasına görə, treyler 24 saat ərzində 116,2 milyon baxış toplayıb və bütün əvvəlki musiqi bioqrafik filmlərinin treylerlərini geridə qoyub. Bu göstərici həm də “Lionsgate”in indiyədək ən uğurlu treyler buraxılışı kimi qeyd edilib. Bildirilir ki, bu nəticə “Taylor Swift: The Eras Tour” və “Bohemian Rhapsody” kimi məşhur filmlərin treylerlərini də arxada qoyub.
Filmin rejissoru “The Equalizer” və “Təlim Günü” (“Training Day”) kimi filmlərlə tanınan Antuan Fuquadır.
Ekran işi əfsanəvi sənətçinin səhnəarxası həyatını, şəxsi təcrübələrini və solo karyerasının ilk illərindən unudulmaz çıxışlarını əks etdirəcək. Filmin treyleri yaxın günlərdə kinoteatrlarda da nümayiş olunacaq ki, bu da kampaniyanın görünürlüğünü daha da artıracaq.
Treylerin rekord baxış sayı artıq indidən filmin nümayişə çıxandan sonra kassalarda böyük uğur qazanacağı barədə proqnozlara səbəb olub.
Aynil






