Luvrda film kimi soyğun – baş rolda "YouTube" ulduzu ÇIXDI

Luvrda film kimi soyğun – baş rolda "YouTube" ulduzu ÇIXDI
Kateqoriya məlum deyil
T

Parisdəki Luvr Muzeyində baş verən “əsrin soyğunu” ilə bağlı istintaq davam etdikcə, hadisədə iştirak edən şəxslərin kimliyi tədricən aydınlaşır.

 

Sfera.az xəbər verir ki, Fransa mətbuatının məlumatına görə, saxlanılan dörd nəfərdən biri dünyaca tanınmış “YouTuber”dür.

 

19 oktyabrda Luvrun məşhur Apollo Qalereyasında baş vermiş soyğun zamanı Fransa Tacına məxsus səkkiz qiymətli zinət əşyası oğurlanıb. Ümumi dəyəri 88 milyon avro olan bu xəzinə izsiz şəkildə yoxa çıxıb.

 

Fransa polisi bu hadisəni “praktiki olaraq mümkünsüz soyğun” adlandıraraq genişmiqyaslı istintaqa başlayıb.

 

Hazırda dörd nəfər mütəşəkkil oğurluq və cinayətkar qruplaşmada iştirak ittihamı ilə həbs edilib. Onlardan biri isə böyük ictimai rezonansa səbəb olub: 39 yaşlı Əbdülaye, sosial mediada “Doudou Cross Bitume” adı ilə tanınan keçmiş “YouTuber”dir.

 

Karyerasına “YouTube”da başladı, cinayətkar kimi davam etdi

 

2000-ci illərin sonlarında “YouTube”da motosiklet tryuk videoları ilə məşhurlaşan Doudou Cross Bitume bir vaxtlar minlərlə izləyicisi olan tanınmış sima idi. Daha sonra o, idman və bodibildinq mövzularında məzmun paylaşmağa başladı. Lakin onun internet şöhrəti uzun illər davam edən cinayət təcrübəsini gizlədə bilmədi.

 

Əbdülaye əvvəllər narkotik saxlamaq və daşımaq, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmək, polisdən yayınmaq və əmrlərə tabe olmamaq kimi bir sıra ittihamlarla dəfələrlə saxlanılıb.

 

2014-cü ildə zərgərlik mağazasına edilən silahlı basqında iştirakına görə üç il həbs cəzası alıb. Azadlığa çıxdıqdan sonra qanunsuz taksi fəaliyyəti ilə məşğul olub və bir müddət Pompidou Mərkəzi ilə Albinet Muzeyində mühafizəçi işləyib.

 

İstintaqın məlumatına görə, şübhəli soyğunçuluqdakı iştirakını qismən etiraf edib. O bildirib ki, bu əməli bir qrupun göstərişi ilə həyata keçirib. Lakin həm onun, həm də digər şübhəlilərin ifadələri polis əməkdaşlarını təəccübləndirib.

 

Onlardan biri “Luvr muzeyinin sadəcə şüşə piramidadan ibarət olduğunu düşündüyünü”, digəri isə “muzeyin bazar günləri bağlı olduğunu” söyləyib.

 

Fransada böyük rezonans doğuran bu hadisə ilə bağlı istintaq davam edir.

 

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR