Ekspert: \"ASAN Mərkəzlər yeni formada fəaliyyət göstərməlidir\"
13:12 / 09.08.2021
959
Bir neçə gün öncə Bakıda sayca 6-cı, ölkə üzrə 21-ci olan "ASAN xidmət” mərkəzinin açılışı olub. Hazırda ASAN Mərkəzlər tikilməkdə davam edir və yaxın gələcəkdə daha bir neçə mərkəz istifadəyə veriləcək.
Sfera.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri, multimedia sahəsi üzrə ekspert Osman Gündüzün fikrincə, müasir çağırışlar baxımından ASAN-nın 10 illiyindən sonra bu sahədə yeni konsepsiya ortaya qoyulmalıdır:
"Hazırda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan ASAN xidməti və eGov Mərkəzini müqayisə etsək, görmək olar ki, ASAN Mərkəzlərə, oflayn sahəyə, oflayn infrastrukturun formalaşmasına daha çox diqqət yetirilir və daha çox yatırım edilir. ASAN Mərkəzlərin gündəlik həyatını da müşahidə etsək görərik ki, vətəndaşların bura axını yüksəkdir. Yəni, əhali hələ də oflayn formada xidmətləri almaq məcburiyyətindədir.
ASAN Mərkəzlərdə əhalinin sıxlığı dövlət və qeyri-dövlət sektorunda rəqəmsal transformasiyanın zəif inkişafının göstəricisindir. Düşünürəm ki, əhalinin oflayn xidmətlərə meylli olması elektron xidmətlərin əlçatan və rahat olmaması, rəqəmsal savadlılığın yetərli olmaması və həm də ASAN Mərkəzlərin - oflayn xidmətin daha əlçatan olması ilə bağlıdır. Yəni, belə görünür ki, vətəndaş məmnunluğu baxımından ASAN Mərkəzlərin olması həm hökuməti razı salır və həm də elə vətəndaşlar da xidmətləri oflayn almağa meyilli olurlar”.
O.Gündüz hesab edir ki, qarşıdakı illər üçün müasir çağırışlar baxımından mövcud model dəyişməlidir:
"Qlobal dünyada baş verənlər göstərir ki, mütləq formada, cəmiyyətin bütün sahələrində rəqəmsal transformasiyaya getmək lazımdır, əhalinin rəqəmsal savadlılığı artırılmalıdır. Fikrimcə, hökumət indiki məqamda rəqəmsallaşmanı, rəqəmsal hökuməti və rəqəmsal savadlılığın artırılmasını prioritet elan etməli, ASAN Mərkəzlər isə başqa – daha modern formada, daha yığcam formada davam etdirilməlidir.
Hazırda ASAN regionlarda yerli icra hakimiyyətlərinin xidmətlərini də elektron formaya keçirir. Yaxın müddətdə regional eGov formalaşcaq. Bu baxımdan da, indiki klassik formada ASAN Mərkəzlərin modernləşdirilməsi, yerli icra qurumlarının binasında daha yığcam ASAN Mərkəzlərin yaradılmasına üstünlük verilməsi doğru olardı.
Fikrimcə, bir sıra populyar dövlət xidmətlərinin də yalnız elektron formada göstəriləcəyi ilə bağlı qabaqcadan açıqlamalar verilməsi buna hazırlaşmaq doğru olardı. Vəsaitlərin isə rəqmsal transformasiyaya, innovasiyaların və internetin inkişafına, əhalinin rəqəmsal savadlılığının artırılmasına yönəltmək, bu sahəni prioritet elan etmək daha doğru olardı”.
Aysel
Sfera.az