Xalq artisti Nurəddin Mehdixanlının 70 yaşı tamam oldu

Xalq artisti Nurəddin Mehdixanlının 70 yaşı tamam oldu
Kateqoriya məlum deyil
T

Bəzi aktyorlar var ki, onların adı yaratdıqları obrazlar ilə yaddaşlarda silinməz izlər qoyur. Onlar illər keçdikcə sənətləri ilə yeni nəsillərə də yol göstərirlər. Xalq artisti Nurəddin Mehdixanlı da Azərbaycan teatr və kino sənətində özünəməxsus dəst-xətti, güclü səhnə nəfəsi və yaddaqalan obrazları ilə seçilən sənətkarlardandır.

Bu gün Nurəddin Mehdixanlının 70 yaşı tamam olur.

70 il…

Bir insan ömrü üçün böyük zaman, bir sənətkar üçün isə yüzlərlə obraz, saysız-hesabsız səhnə, çəkiliş meydançası, tamaşaçı alqışı və sənətə həsr olunmuş uzun bir yol deməkdir.

Sfera.az xəbər verir ki, Nurəddin Mehdixanlı 1956-cı ildə dünyaya göz açıb. Onun sənətə gəlişi Azərbaycan teatrının və kinosunun inkişaf etdiyi, aktyor məktəbinin özünəməxsus ənənələr formalaşdırdığı bir dövrə təsadüf edib. Gənc yaşlarından sənətə olan marağı onu aktyorluq sənətinə gətirib və sonrakı illərdə bu yol onun həyatının ayrılmaz hissəsinə çevrilib.

Nurəddin Mehdixanlının aktyor olacağı da həmin illərdə heç kimin ağlına gəlməyib. Ailədə hərbçilərin çox olması səbəbindən Nurəddinin də bu yolu seçəcəyi düşünülüb. Atası isə onun hüquqşünas olmasını istəyib.

1973-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və gələcək həyatını bu peşə ilə bağlamağı düşünüb.

Lakin həmin dövrdə onun həyatında mühüm dəyişiklik baş verib. Yay vaxtı Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi dram dərnəyinə getməyə başlayıb. Əvvəlcə dram dərnəyinə sadəcə maraq üçün qoşulub. Burada səhnə ilə tanış olub, müxtəlif obrazlar canlandırıb və aktyorluğa maraq göstərməyə başlayıb.

Vaxt keçdikcə səhnəyə olan sevgisi daha da artıb. O, aktyorluğun sadəcə həvəs olmadığını anlayıb və bu sənəti peşə kimi seçmək qərarına gəlib. Beləliklə, hüquq fakültəsindəki təhsilini davam etdirmək əvəzinə sənət yolunu seçib.

1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Burada məşhur rejissor və pedaqoq Ədil İsgəndərovun kursunda təhsil alıb. İnstitutda oxuduğu illərdə aktyorluğun sirlərini öyrənib, səhnə təcrübəsi qazanıb və özünü müxtəlif rollarda sınayıb.

1978-ci ildə institutu bitirib və təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb. Teatrda çalışdığı illər ərzində müxtəlif obrazlar yaradıb və tamaşaçıların rəğbətini qazanıb.

Beləliklə, bir vaxtlar hüquqşünas olmaq istəyən Nurəddin Mehdixanlı təsadüfən getdiyi dram dərnəyində aktyorluğa aşiq olub. Həmin maraq sonradan onun həyatının əsas peşəsinə çevrilib və onu Azərbaycan teatrının tanınmış aktyorlarından birinə çevirib.

Sənətkarın yubileyi həm də onun yaradıcılığına verilən dəyərin ifadəsidir. 70 illik ömrün 40 ildən artıq bir dövrünü sənətə həsr edən aktyor üçün ən böyük mükafat isə tamaşaçının sevgisi, yaratdığı obrazların yaşaması və adının Azərbaycan mədəniyyət tarixində özünəməxsus yer tutmasıdır.

Sfera.az kollektivi olaraq 70 illik yubileyiniz münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və sənət yolunuzda yeni-yeni uğurlar arzulayırıq!

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR