Murat Dalkılıç susqunluğunu pozdu: "Mənə Allahın qamçısı dəyməyib"

Türkiyəli müğənni Murat Dalkılıç keçmiş həyat yoldaşı Merve Boluğurla bağlı sosial şəbəkələrdə yayılan şərhlərə münasibət bildirib.
Sfera.az xəbər verir ki, sənətçinin Özgü Kaya ilə münasibəti ilə bağlı paylaşımına yazılan bir şərh illər əvvəl başa çatan evliliyini yenidən gündəmə gətirib.
Sosial şəbəkə istifadəçilərindən biri Merve Boluğurun Murat Dalkılıçla ayrıldıqdan sonra dəyişdiyini iddia edib. Həmin şərhdə müğənninin son illərdə yaşadığı sağlıq problemləri də keçmiş evliliyi ilə əlaqələndirilib.
Şərhi görən Dalkılıç buna cavab verərək onun həyatı barədə kənardan yanlış təsəvvür yaradıldığını bildirib:
“Mənim həyatım haqqında qurduğunuz hekayənin təəssüf ki, zərrə qədər də gerçəkliyi yoxdur. Mənim hekayəm sizin düşündüyünüz kimi deyil”.
Murat Dalkılıç səhhəti ilə bağlı problemlərinin keçmiş həyat yoldaşı ilə ayrılığına bağlanmasına da etiraz edib. O, xəstəliyinin Merve Boluğurla ayrıldıqdan illər sonra ortaya çıxdığını vurğulayıb. Müğənni səhhətində yaranan problemlərin “ilahi ədalət” kimi təqdim edilməsinə də cavab verib:
“Mənə Allahın qamçısı dəyməyib. Çox şükür, Onun sevdiyi bəndəsiyəm”.
İradə Elsevər






