Türkiyədə narkotik əməliyyatı: 15 məşhur saxlanıldı

Türkiyədə məşhurlara qarşı narkotik istintaqı çərçivəsində yeni əməliyyat keçirilib. Aralarında Aras Bulut İynemli, Melis Sezen, Sefo və keçmiş futbolçu Hasan Şaşın da olduğu 15 nəfər saxlanılıb.
Sfera.az xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun apardığı narkotik istintaqı çərçivəsində İstanbul İl Jandarma Komandanlığı tərəfindən səhər saatlarında bir neçə ünvana eyni vaxtda əməliyyat keçirilib.
İstintaq çərçivəsində ümumilikdə 18 şübhəli barəsində gözaltı, axtarış və bioloji nümunələrin götürülməsi ilə bağlı qərar verilib. İlkin məlumata görə, 15 nəfər saxlanılıb, digər şəxslərin axtarışı davam etdirilir.
Saxlanılan şəxslər arasında aktyor Aras Bulut İynemli, müğənni Seyfullah Sağır (Sefo), aktrisa Melis Sezen, Nilperi Şahinkaya, Hande Demir, keçmiş futbolçu Hasan Şaş, aktrisa Melis İşiten, Yeliz Yeşilçimen, müğənni Anıl Durmuş, aktrisa Hazal Filiz Küçükköse, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzelcik, Sezer Çakır və Sayat Zurnacı yer alır.
Baş Prokurorluğun açıqlamasına görə, araşdırma ictimaiyyətdə aktyor, müğənni, iş adamı, sahibkar və sosial media fenomeni kimi tanınan şəxslərlə bağlı aparılır. İstintaqda bəzi şübhəlilərin narkotik və psixotrop maddələrdən istifadə etdiyi, narkotik istifadəsini asanlaşdırdığı və ya bunun üçün yer təmin etdiyi barədə şübhələri dəstəkləyən sübutların əldə edildiyi bildirilib.
Əməliyyat zamanı şübhəlilərin ev və iş yerlərində axtarış aparılması, həmçinin bioloji nümunələrin götürülməsi nəzərdə tutulub. Saxlanılan şəxslərin jandarmadakı prosedurlar başa çatdıqdan sonra ifadələrinin alınması üçün Baş Prokurorluğa göndərilməsi gözlənilir.
Qeyd edək ki, hazırkı mərhələdə şəxslərin təqsiri məhkəmə tərəfindən müəyyən edilməyib.
İradə Elsevər






