Güllünü qızının öldürdüyü təsdiqləndi

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) ölümü ilə bağlı istintaq başa çatıb.
Sfera.az xəbər verir ki, Yalova Cümhuriyyət Baş Prokurorluğu sənətçinin həbsdə olan qızı Tuğyan Ülkem Gülter barəsində “qabaqcadan planlaşdıraraq öz valideynini qəsdən öldürmə” maddəsi ilə ittiham irəli sürüb və onun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
İttihamnaməyə əsasən, hadisə 26 sentyabr 2025-ci il gecəsi Yalovanın Çınarcıq rayonundakı mənzildə baş verib. İddiaya görə, Gül Tut qızının otağındakı pəncərədən təxminən 18 metr hündürlükdən beton örtüyün üzərinə düşərək həyatını itirib. Məhkəmə-tibbi ekspertizası onun daxili qanaxmadan öldüyünü, qanında 3,53 promil spirt aşkar olunduğunu, lakin zəhərlənmə əlamətlərinin olmadığını müəyyən edib.
İstintaq materiallarında bildirilib ki, hadisədən əvvəl Tuğyan rəfiqəsi Sultan Nur Uludan anasının sevdiyi “Malkata” adlı roman mahnısını səsləndirməsini istəyib. Prokurorluq hesab edir ki, bu addım Gül Tutu otağa cəlb etmək və planlaşdırılan cinayəti həyata keçirmək məqsədi daşıyıb.
Bundan başqa, İstanbul Texniki Universitetinin hazırladığı səs ekspertizasında düşmə anından dərhal əvvəl gənc qadın səsinin rişxəndli şəkildə “Görüşərik, bay-bay” dediyi müəyyən olunub. İttihama görə, həmin sözləri Tuğyan deyib və daha sonra anasını belindən tutaraq pəncərədən aşağı atıb.
Hadisənin yeganə canlı şahidi Sultan Nur Ulu əvvəlcə Gül Tutun sərxoş vəziyyətdə yıxıldığını desə də, sonradan ifadəsini dəyişərək Tuğyanın anasını pəncərədən atdığını bildirib.
İttihamnamədə həmçinin qeyd olunub ki, şübhəlinin hadisədən aylar əvvəl rəfiqələrinə “Bir gün anamı pəncərədən atıb öldürəcəyəm” dediyi, telefonunda isə “Bu qadın ölsün”, “Bezdim anamdan”, “Çözülməmiş məhkəmə işləri” və “Seriyalı qatil davası” kimi mesaj və axtarışların aşkarlandığı bildirilib.
Qeyd edək ki, bütün bunlar prokurorluğun ittihamnaməsində yer alan iddialardır. Tuğyan Ülkem Gülterin təqsirli olub-olmaması ilə bağlı yekun qərar məhkəmə prosesindən sonra veriləcək.\\axsam.az






