“Niyə bunu xoşbəxt anımda xatırlatdın?”

Əfsanəvi Yeşilçam aktrisası Türkan Şoray qatıldığı sənət sərgisində mərhum aktyor Kadir İnanırla bağlı verilən suala emosional reaksiya göstərib.
Sfera.az xəbər verir ki, İstanbulda təşkil olunan sərgidə jurnalistlər Türkan Şoraydan Kadir İnanırı xatırladan hər hansı şəkil və ya sənət əsərinin olub-olmadığını soruşublar. Suala cavab verməzdən əvvəl qısa müddət susan aktrisa hisslərini gizlədə bilməyib.
Şoray əvvəlcə, “Biz dostumuzu heç vaxt unutmadıq və unutmayacağıq” deyərək mərhum aktyoru ehtiramla yad edib. Ardınca isə jurnalistə üz tutaraq, “Niyə bunu indi, bu xoşbəxt anımda xatırlatdın?” sözləri ilə narazılığını ifadə edib.
Qeyd edək ki, Türk kinosunun əfsanəvi simalarından olan Kadir İnanır 26 iyun 2026-cı ildə müalicə aldığı xəstəxanada 77 yaşında vəfat edib. Bir müddət reanimasiya şöbəsində müalicə alan və daha sonra intubasiya edilən aktyorun çoxsaylı orqan çatışmazlığı səbəbindən həyatını itirdiyi açıqlanıb.

Kadir İnanırın ölümü illərlə onunla eyni filmlərdə baş rol alan Türkan Şorayı da dərindən sarsıdıb. Türkiyə mətbuatının məlumatına görə, aktrisa ölüm xəbərini eşidəndə böyük şok keçirib, göz yaşlarına hakim ola bilmədiyi üçün telefon danışığını yarımçıq saxlamaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Türkan Şoray və Kadir İnanır uzun illər ərzində birlikdə rol aldıqları filmlərlə türk kinosunun ən sevilən ekran cütlüklərindən biri kimi yadda qalıblar. Onların dostluğu və sənət tərəfdaşlığı bu gün də tamaşaçılar tərəfindən böyük rəğbətlə xatırlanır.
Mənsumə






