Cennifer Lopezdən maraqlı ad günü paylaşımı

Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopez bacısı Linda Lopezin ad gününü Avropa tətili zamanı xüsusi şəkildə qeyd edib. Ulduzun sosial şəbəkədə paylaşdığı görüntülər qısa zamanda böyük maraq doğurub.
Sfera.az xəbər verir ki, iyulun 24-də 57 yaşı tamam olacaq Cennifer Lopez hazırda bacısı Linda ilə birlikdə Avropada istirahət edir. Tətil çərçivəsində Linda Lopezin ad günü münasibətilə təşkil olunan qeyri-adi şənlikdən paylaşılan fotolar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Paylaşılan kadrlarda Cennifer Lopezin vannada oturaraq ad günü tortu yeməsi diqqət çəkib. Digər fotolarda isə Linda Lopez vannanın yanında yerdə əyləşərək tortdan dadarkən görüntülənib. Qeyri-adi konseptli ad günü çəkilişləri izləyicilər tərəfindən maraqla qarşılanıb.
Məşhur sənətçi paylaşımına “İkiqat ad günü üçün bacı tətili həmişə əla fikirdir! Səni çox sevirəm, Linni! Ad günün mübarək!” sözlərini yazaraq bacısına sevgisini ifadə edib.

Qeyd edək ki, Cennifer və Linda Lopez Avropa səfəri çərçivəsində Paris Moda Həftəsində və Londonda keçirilən Uimbldon tennis turnirində də iştirak ediblər. Bacılar tətil müddətində Fransadakı məşhur italyan restoranlarından birində şam yeməyi zamanı da görüntüləniblər. Restorandan çıxarkən onların zövqlü və dəbli geyimləri də diqqətdən yayınmayıb.
Mənsumə
