“Avroviziya 2026”da qaydalar yeniləndi

Avropa Yayım Birliyi (AYB) “Avroviziya 2026” müsabiqəsi üçün qaydaların yeniləndiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, yenilənmiş qaydalar həm səsvermə prosesində şəffaflığı artırmaq, həm də son illərdə müzakirələrə səbəb olan həddindən artıq təbliğat kampaniyalarının təsirini minimuma endirmək məqsədi daşıyır.
Qurumun məlumatına görə, gələn ildən münsif heyəti yarımfinal mərhələsinə geri qaytarılacaq və heyətin üzvlərinin sayı 7 nəfərə çatdırılacaq. Bu addım, iştirakçıların qeyri-proporsional reklam və təbliğat vasitəsilə nəticələrə həddindən artıq təsir göstərməsinin qarşısını almaq üçün atılır.
Bundan əlavə, tamaşaçı səsverməsi (televote) ilə bağlı da yeniliklər edilib: hər bir tamaşaçı yalnız 10 səs verə biləcək.
AYB bildirir ki, bu dəyişikliklər “Avroviziya 2026”da daha ədalətli, balanslı və şəffaf nəticələrin təmin olunmasına xidmət edəcək.
“Avroviziya 2026” mahnıları ən geci 9 marta qədər yayımlanmalıdır.
Niyaz Hacıyev
Sfera.az






