Fransada avtomobillə qətl: 1 ölü, 10 yaralı var

Fransanın şimal-qərbində yerləşən Kan şəhərində sürücü avtomobilini insanların üzərinə sürüb. Hadisə nəticəsində 1 nəfər ölüb, 7-si ağır olmaqla 10 nəfər yaralanıb. Hadisə yerindən qaçan 26 yaşlı şübhəli saxlanılıb.
Sfera.az xəbər verir ki, hadisə yerli vaxtla saat 22:15 radələrində qatar stansiyasının qarşısındakı küçədə baş verib.
Hadisədən əvvəl həmin ərazidə dava düşdüyü qeyd olunub.
Şəhər polisinin məlumatına görə, hadisə zamanı xəsarət alan və həyatını itirən şəxslərin hamısı 17-40 yaş arasında olan kişilərdir.
Hadisə yerindən qaçan şübhəli təxminən 20 kilometr uzaqlıqda yerləşən Uistreham şəhərində saxlanılıb.
Prokurorluq hadisə ilə bağlı qətl və ağırlaşdırıcı hallarla törədilmiş hücum ittihamları üzrə araşdırma başladıb.
Səlahiyyətlilər istintaqın hələ ilkin mərhələdə olduğunu bildiriblər. İlkin məlumatlara əsasən, hadisənin terrorla əlaqəsinin olmadığı qeyd olunub.
İradə Elsevər






