Bu vərdiş sizi hədəfə çevirir - 10 nəfərdən 4-ü eyni səhvi edir

Bu vərdiş sizi hədəfə çevirir - 10 nəfərdən 4-ü eyni səhvi edir
Kateqoriya məlum deyil
T

Rəqəmsal dünyada bank və sosial media hesablarından tutmuş elektron poçtlara qədər bir çox yerlərdə parollardan istifadə edilir. Araşdırmalar onu göstərir ki, hər 10 nəfərdən 4-ü parollarını unutmamaq üçün telefonlarına və ya kağız parçasına yazır. Lakin mütəxəssislərin fikrincə, bu vərdiş bütün şəxsi məlumatların kibercinayətkarların əlinə keçməsinin yolunu açacaq qədər təhlükəlidir.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, parolların kağıza və ya telefonların qeydlər bölməsinə yazılmasına unutqanlıq qorxusu vadar edir.

 

Amma əsl problem də elə buradan başlayır. Rəqəmsal dünyada istifadə etdiyimiz parollar fırıldaqçılara qarşı barmaq izlərimiz qədər unikal və gizli olmalıdır. Bu zəncirdəki ən kiçik bir səhv bütün hesabların ifşa olunmasına səbəb ola bilər.


Türkiyənin kriminal informasiya texnologiyaları mütəxəssisi Əli Murat Kırık bu təhlükə ilə bağlı öz fikirlərini bölüşüb:

 

“Bütün hesab məlumatlarınız fırıldaqçıların əlinə keçə bilər. Parol yazılan kağız parçası oğurlana, düşə və ya islana bilər ki, bu da parolların məxfiliyini təhlükə altına qoya bilər”.


Tədqiqatlar göstərir ki, bu riskləri bilsələr də, bir çox insan hələ də lazımi tədbirləri görmür. On nəfərdən dördü parollarını kağız üzərində yazılı saxlayır. Bundan əlavə, istifadəçilərin 17%-i eyni parolu üç və ya daha çox hesab üçün istifadə etməyə üstünlük verir. Bu da kibercinayətkarların bank hesablarına, şəxsi məlumatlara və sosial media hesablarına daxil olmasını asanlaşdırır.


Mütəxəssislərin fikrincə, rəqəmsal təhlükəsizliyin ilk addımı güclü və unikal parollar yaratmaqdır. İkinci addım bu parolları asanlıqla əldə edilə bilən yerlərə yazmamaqdır. Son xəbərdarlıq olduqca aydındır: Şifrələrinizi kağız üzərində və ya telefonunuzda yazmayın.

 

Mənsumə Məmmədova
Sfera.az

 

PAYLAŞ