İlan ili onlara uğurlu gəldi - AZADLIĞA ÇIXANLAR + SİYAHI

İlan ili onlara uğurlu gəldi - AZADLIĞA ÇIXANLAR + SİYAHI
Kateqoriya məlum deyil
T

Artıq 2025-ci illə sağollaşmaq üzrəyik. Bu il ictimai-siyasi sferada bir sıra mühüm hadisələrlə yadda qaldı – o cümlədən həbslər və tanınmış şəxslərin azadlığa buraxılması xəbəri ilə...

 

Belə ki, il ərzində Azərbaycanda müxtəlif səbəblərdən həbs edilmiş bir sıra tanınmış şəxslər azadlığa buraxılıb. Bu azadlıqlar həm idman, həm mədəniyyət, həm də iş dünyası sahələrində tanınmış şəxsləri əhatə edib və ictimaiyyətin böyük marağına səbəb olub.

 

Həbsdən azad olunanlar arasında dövlət qurumlarının keçmiş əməkdaşları, media mənsubları, idman federasiyalarının rəhbərləri, məşhur müğənnilər və tanınmış iş adamları var.

 

Uzunmüddətli məhkəmə prosesləri və aparılan istintaq tədbirləri nəticəsində onların bir çoxu ev dustaqlığına buraxılıb, bəziləri isə tam sərbəstlik qazanıb.

 

Sfera.az 2025-ci ildə həbsdən azad edilmiş tanınmış şəxslər haqqında araşdırma edib.

 

Nizami Şirinov

 

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin məhkum edilmiş rəisi general-mayor Nizami Şirinov 2025-ci ildə azadlığa çıxan şəxslər sırasındadır. N.Şirinovun 4 il 6 aylıq cəza müddəti bu il tam başa çatıb. O, oktyabrın 7-də 9 saylı cəzaçəkmə müəssisəsindən azad edilib. Qeyd edək ki, N. Şirinov 2021-ci ilin aprelində İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevlə birgə həbs edilib. O, mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almaqda, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında təqsirli bilinib.

 

Əziz Orucov

 

 

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov da bu il azadlığına qovuşanlardandır. O, Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəsissəsindən azadlığa buraxılıb. Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə Əziz Orucov 2023-cü ildə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham edilib.

 

Əvəz Zeynallı

 

 

Ötən il 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilən jurnalist Əvəz Zeynallı da vaxtından əvvəl azadlığa buraxılıb. O, xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün həbsdən azad edilib.

 

İqor Kartavıx

 

 

Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx da 2025-ci ildə azadlığa buraxılan şəxslərdəndir. Bu barədə qərar Düşənbədə Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin görüşü ərəfəsində qəbul olunub. Xatırladaq ki, o bu ilin iyununda Azərbaycan Daxili İşlər Nazirliyinin “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) ofisində keçirdiyi əməliyyat çərçivəsində saxlanılmışdı.

 

 

Bir müddət əvvəl həbs edilən tanınmış hərbi ekspert  aprelin 7-də azadlığa buraxılıb. Xatırladaq ki, ötən ilin noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi əraziləri lentə alaraq sosial şəbəkə hesabı vasitəsilə yaymasına və Azərbaycanın qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdi.

 

Rəqsanə İsmayılova

 

 

Bir ilin içərisində həbs olunub azadlığa çıxanlar arasında müğənni Rəqsanə İsmayılova da var. Belə ki, cari ilin avqust ayında ifaçı dələduzluq faktı ilə ittiham olunmuşdu. O, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmə onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verdi və ötən ay, yəni noyabrda azadlığa buraxıldı.

 

İdman sahəsində də azadlığa çıxanlar olub...

 

Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muay tay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov Türkiyənin Antalya şəhərində keçirilən altı saatlıq məhkəmə sonrası təcridxanadan buraxılıblar. Onlar doqquzqat dünya çempionu Araz Musayevin mayın 28-də Türkiyədə bıçaqlanması ilə bağlı aparılan təhqiqat çərçivəsində “qəsdən adam öldürməyə cəhd” maddəsi üzrə ittiham edilərək həbs edilmişdilər.

 

 

Məhkəmə qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

 

Ceyhun Əşrəfov

 

 

Pencak-silat Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov da həbsdən azad edilən şəxslər sırasındadır. Ceyhun Əşrəfov iş adamı Quvat Beybutovun 4 milyon manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərindən biridir. Bu iş üzrə 5 nəfər Sindo-ryu və Pencak-silat Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov, tanışları-Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Seymur Məhərrəmov, Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanov mühakimə edilib. Onlardan yalnız Ceyhun Əşrəfov azadlıqdadır.

 

 

Dələduzluq ittihamı ilə həbs olunan tanınmış iş adamı Rövşən Mehdiyev də bu il azadlığa çıxıb. Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən “Caspian Energy Club”un Qırğızıstan nümayəndəliyinin rəhbəridir. O, həmçinin Çində “Falson”, Qırğızıstanda “Brok Magistr”, Türkiyədə “AEMİ” şirkətlərinin və Azərbaycanda yaradılmış “Union Logistika” şirkətinin təsisçisidir. İş adamı məhz “Union Logistika” ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmuşdu. Müştərilər Çindən aldığı məhsulları şirkətə təhvil versələr də, malları onlara çatdırılmamışdı. Bu səbəbdən Rövşən Mehdiyev 2025-ci ilin yanvarında həbs olunmuşdu.

 

İlqar İsmayılov

 

 

“İdeal” (indiki “Adore”) mağazalar şəbəkəsinin “mənimsəmə” ittihamı ilə məhkum edilmiş sahibi İlqar İsmayılov vaxtından əvvəl azadlığa buraxılıb. Məhkəmə məhkumun 6 illik həbs cəzasının yarıdan çoxunu çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb. Hakim İbrahim İbrahimli İlqar İsmayılovun qalan cəzasının şərti hesab edilməsinə qərar verib. O, saxlanıldığı “kalon”dan azadlığa buraxılıb. Qeyd edək ki, İ.İsmayılov 2021-ci ilin aprelində həbs edilmişdi.

 

Ceyhun Cəfərov

 

Kürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. 2025-ci ilin fevral ayında azadlığa çıxan C.Cəfərovun həbs olunan birinci müavini Tacəddin Novruzov isə yanvar ayında azadlığa buraxılıb. Qeyd edək ki, 2020-ci ilin avqustunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Kürdəmirdəki qanun pozuntularına qarşı əməliyyat keçirib. Əməliyyat çərçivəsində rayonun icra başçısı və başqa vəzifəlilər cinayət məsuliyyətinə cəlb edilib. Ceyhun Cəfərov ilk növbədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Dövlətə vurulan ziyanı ödəməsi nəzərə alınaraq, Şirvan Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilə endirib, daha sonra Ali Məhkəmə qərarı ilə bu müddət 4 il 6 aya qədər azaldılıb. 

Fuad Cam

 

 

Ləğv edilmiş “Royal Bank”ın baş direktoru Fuad Cam da bu siyahıya daxildir. 6 illik həbsdən sonra azadlığa çıxan Fuad Cam cəmi bir neçə gün sonra vəfat edib.

 

Beləliklə, 2025-ci il ərzində Azərbaycanda siyasətçi, iş adamı, idman xadimi və məşhurların sərbəst buraxılması ölkədə məhkəmə və hüquq sistemi ilə bağlı diqqət çəkən hadisələrdən biri olub.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR