Xankəndidə həbs edilən Karenin işi məhkəməyə göndərildi

Xankəndidə baş vermiş terrora cəhd hadisəsi üzrə aparılan istintaq yekunlaşıb və iş məhkəməyə göndərilib.
Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, cari il sentyabrın 14-də Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatlarından istifadə edilməklə partlayışla nəticələnən terrorçuluq törədilməsi, eləcə də terrorçuluqla əlaqədar iki və daha çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd faktları üzrə Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla müəyyən edilib ki, Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyan bir sıra xüsusilə ağır cinayətlər törətməkdə əsaslı şübhəli şəxs kimi tanınıb.
Məlumata görə, Avanesyan uzun müddət gizlətdiyi silah-sursatdan istifadə edərək terror əməli hazırlayıb:
“Belə ki, K. Avanesyan ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə partlayışların törədilməsi, insanların öldürülməsi və digər ictimai təhlükəli nəticələrlə müşayiət olunan terrorçuluq əməlini törətmək niyyətilə qanunsuz silahlı birləşmələrdən qalmış “AKMS” markalı avtomat silahı, əl qumbaraları və digər döyüş sursatlarını əldə edərək Xankəndi şəhərində gizlədib”.
İstintaqın gəldiyi nəticələrə əsasən, Avanesyan sentyabrın 14-də səhər saatlarında yaşadığı sosial sığınacağı tərk edib, gizlətdiyi silahları götürərək atəşə hazır vəziyyətə gətirib və yaşayış olmayan bir evdə mövqe tutub. Daha sonra polis əməkdaşlarının yaxınlaşmasını gözləyib:
“Saat 09 radələrində polis əməkdaşlarının sayının çox olduğunu görən Avanesyan qabaqcadan planlaşdırdığı terrorçuluq və çoxsaylı hakimiyyət nümayəndələrini öldürmə niyyətini həyata keçirmək üçün gizləndiyi yerdən avtomat silahdan nizamsız atəşlər açıb, ardınca əl qumbaraları ataraq partlayış törədib”.
Hadisə nəticəsində üç polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, lakin vaxtında tibbi yardım göstərildiyindən onların həyatını xilas etmək mümkün olub.
Qanuni tələblərə tabe olmayan Avanesyan polislər tərəfindən odlu silah tətbiqi ilə zərərsizləşdirilərək saxlanılıb və sonradan xəstəxanaya yerləşdirilərək tibbi yardım alıb.
Toplanmış sübutlara əsasən, Karen Avanesyan barəsində Cinayət Məcəlləsinin 29, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 214.2.3, 228.1 və 315-ci maddələri ilə ittiham irəli sürülüb.
Xankəndi şəhər məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bəsti Rəfizadə
Sfera.az
