Logo

Azərbaycanda kredit faizlərinin yüksək olma səbəbləri - TƏHLİL

Azərbaycanda kredit faizlərinin yüksək olma səbəbləri - TƏHLİL
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məlum olduğu kimi, bank sistemi iqtisadiyyat və maliyyə sisteminin formalaşmasında və

tənzim edilməsində mühüm rol oynayır. Müasir dövrdə isə bankların rolu daha da

artaraq, iqtisadiyyatın aparıcı sütunlarından birini təşkil edir.

Son illərdə ölkə bank sisteminin möhkəmləndirilməsi və sağlamlaşdırılması

istiqamətində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılan islahatlar öz müsbət

təsirini göstərməkdədir. Bu tədbirlər bank sisteminin kapitallaşmasının

möhkəmlənməsinə, kredit portfelinin sağlamlaşmasına, likvidliyin yüksəlməsinə,

sistemyaradıcı bankların sayının artmasına və bir çox problemli - ölkə iqtisadiyyatında

rolu olmayan bankların ləğvinə şərait yaratmışdır.  Lakin, qeyd edilən müsbət

dəyişikliklərlə yanaşı, ölkənin bank sistemi qarşısında bir çox vəzifələr durmaqdadır.

Hazırda, ən prioritet məsələlərdən biri, kreditlər üzrə faiz dərəcələrinin aşağı

salınmasıdır. Sir deyil ki, işgüzar mühitin yaxşılaşdırılmasını və qeyri neft sektorun

davamlı inkişafını təmin edən vacib amillərdən biri təsərrüfat subyektlərinin və əhalinin

sərfəli şərtlərlə kreditləşdirilməsidir. Hətta bir neçə gün əvvəl prezident İlham Əliyev də

bankların məsuliyyətsizliyinə görə sərt xəbərdarlıq etmişdi:

"Bütövlükdə özəl banklar iqtisadi inkişafımıza təkan verməlidir. Onların işi ancaq oturub

pul qazanmaq olmamalıdır. Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb,

lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcək.

Ona görə məsuliyyətli yanaşmalıdırlar. Onlar biznes-kreditlərə üstünlük verməlidirlər.”

Mövzu ilə bağlı İqtisadiyyat.az saytına məlumat verən Maliyyə və investisiya üzrə

ekspert Rəşad Hacıyev bildirib ki, 2019-cu ilin 3-cü rübünün nəticələrinə görə

(Azərbaycan Banklar Assosiasiyası (ABA) saytından əldə olunmuş məlumata əsasən)

ölkənin bank sisteminin məcmü aktivləri 31.3 milyard manat, kredit portfeli 13.3 milyard

manat, depozit portfeli 20.4 milyard və xalis mənfəəti 580 milyon manat olub.  Qeyd

edilən dövrə, ölkə üzrə bütün bank aktivlərinin 67%-i, depozitlərinin 70.5%-i və xalis

mənfəətinin 88%-i 5 bankın payına düşür.  Belə ki, ölkədə 30 kommersiya bankı

fəaliyyət göstərdiyi halda, bank sisteminin mühüm bir hissəsi ən iri 5 – 7 sistemyaradıcı

bankda cəmləşib.

Son illərdə, bank kreditləri üzrə faizlər müəyyən dərəcədə aşağı ensə də, onlar hələ də

yüksək hədlərdədir. Kreditlər üzrə faizləri formalaşdıran əsas faktorlar Mərkəzi Bankın

uçot faiz dərəcəsi, inflyasiya, depozitlər üzrə cəlbetmə faizi, banklarda likvidlilik

səviyyəsi və kreditlər üzrə faiz marjasıdır. Hər bir faktora ayrı-ayrılıqda nəzər salaraq,

kredit faizlərinin yüksək  olma səbəblərini araşdıraq:

 Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsi hal-hazırda 7.25% təşkil edir

(Rusiya: 6.25%, Kazaxstan: 9.25%).  Məlumdur ki, uçot faiz dərəcəsi

makroiqtisadi vəziyyəti və inflyasiya perspektivlərini nəzərə alaraq, müəyyən

edilir. Belə ki, inflyasiya və inkişaf templəri yüksək olduqda uçot faiz dərəcəsi

yüksəldilir və inkişaf templəri zəiflədikdə, iqtisadiyyatı stimullaşdırmaq məqsədilə,

uçot dərəcəsi aşağı salınır. Dünya Bankının məlumatına əsasən, 2019-cu ildə

Azərbaycanda ÜDM-un və inflyasiyanın artımı 2.8% və 2.8% müvafiq olaraq

təşkil edib. 2020-ci il üçün bu rəqəmlər 2.3% və 3.2% həddində proqnozlaşdırılır.

2019-cu ilin nəticələrinə görə Rusiya və Kazaxstanda ÜDM-nun artımı 1.3% və

4.5%, inflyasiya isə 4% və 5.4%-dir.  Bu baxımdan, ölkəmizin hazırki və

gözlənilən iqtisadi inkişaf və inflyasiya templərini nəzərə alaraq, 7.25% həddində

müəyyən olunmuş uçot faiz dərəcəsinin aşağı salınmasına ehtiyac duyulur.

Çünki, AMB-nin uçot dərəcəsi bank sistemində maliyyə resurslarına görə faiz

dərəcələrinin formalaşmasında mühüm rol oynayaraq, kredit resurslarının

dəyərinə birbaşa təsir edir. Məsələn, ABŞ-ın Federal Rezerv Bankı inflyasiyanın

2.1% təşkil etdiyi mühitdə, iqtisadiyyatı canlandırmaq məqsədilə, uçot faiz

dərəcəsini tək 2019-cu ildə 3 dəfə azaldaraq, 1.5 – 1.75%-ə çatdırıb. Şübhəsiz ki,

Azərbaycan və ABŞ iqtisadiyyatları müqaisəedilməzdir, lakin, Federal Rezerv

Bankı ölkə iqtisadiyyatını stimullaşdırmaq məqsədilə misilsiz tədbirlərə əl ataraq,

hətta uçot dərəcəsini inflyasiya həddindən də aşağı salıb.

 AMB-ın saytından əldə olunan məlumatlara əsasən depozitlər üzrə milli və xarici

valyutalarda orta faiz dərəcələri 9.27% və 1.84%, kreditlər üzrə isə orta faiz

dərəcələri 13.92% və 5.90% təşkil edir. Belə ki, milli valyutada verilən kreditlər

üzrə faiz marjası 4.65% (13.92 – 9.27), xarici valyutada isə 4.06% (5.90 – 1.84)

həddində müəyyən olunub. Rəqəmlər göstərir ki, bankların kredit faiz marjası

sağlam hədlərdədir və onun azaldılması bank sisteminin gəlirliyinə və

səmərəliliyinə mənfi təsir göstərəcək. Şübhəsiz ki, girovsuz və yüksək riskli

kreditlər üzrə faiz marjası daha yüksək səviyyədə müəyyən olunur, lakin belə

kreditlərin payı bütün bank sistemi üzrə kiçik olduğundan, yekun nəticələrə

əhəmiyyətli təsir göstərmir. Bununla da, rəqəmlərə istinad etdikdə, banklarda faiz

marjasının adekvat həddlərdə olması qənaətinə gəlmək olur.

 Bank sisteminin likvidlilik vəziyyətinə nəzər saldıqda, onun qənaətbaxş həddə

olduğu görünür. Ölkə bank sisteminin 20.4 milyard manat depozitlərinə qarşı

banklar cəmi 13.3 milyard manat kredit ayırıb (3-cü rüb, 2019-cu il, ABA

məlumatına əsasən). Kredit portfelinin depozitlərə olan nisbəti ölkə bank sistemi

üzrə cəmi 66% təşkil edir. Dünya praktikasına əsasən bu nisbətin 80 – 90%

həddində olması tövsiyyə olunur. Bu nisbət nə qədər aşağı olarsa, bankın gəlirliyi

də o qədər aşağı olur. Hətta ayrı-ayrı bankların balansını nəzərdən keçirdikdə,

onların əslində yüksək likvidlilikdən əziyyət çəkdiyi görünür.Yəni ki, maliyyə

resurslarının hansısa bir qıtlığı müşəhidə olunmur.

 Eyni zamanda, qeyd etmək lazımdır ki, bəzi banklar qısa zaman ərzində daha

çox gəlir əldə etmək məqsədilə ayrı-ayrı hallarda yüksək faiz marjası ilə

kreditləşmə aparır, lakin, belə bir yanaşma uzun müddətdə heç bir müsbət

nəticəyə gətirib çıxarmır. Əksinə problemli kreditlərin sürətlə artmasına səbəb

olaraq, bankın balans göstəricilərini pisləşdirir. Eyni zamanda, biznesə və əhaliyə

mənfi təsir göstərərək xoşagəlməz hallara səbəb olur. Belə halların baş

verməsini tam istisna etmək mümkün olmasa da, onlar requlyator tərəfindən

daimi izlənməli və tənzimdə saxlanmalıdır.

Yuxarıdakı faktorları nəzərdən keçirdikdən sonra, belə bir qənaətə gəlmək olar ki,

ölkədə kredit resurslarının bahalı olmasının əsas səbəbləri banklarda depozitlər üzrə

faizlərin və mövcud uçot dərəcəsinin yüksək olmasıdır. Məlumdur ki, banklar daxili

bazarda maliyyə resursları üzrə rəqabət aparmaq məqsədilə müştərilərə yüksək faizlər

təklif edirlər, lakin, belə bir yanaşma nəticədə kredit resurslarının bahalaşmasına səbəb

olur. İnflyasiyanın 2 – 2.5% təşkil etdiyi halda, bankların depozitlərə görə illik 8 – 10%

ödəməsi real bazar şəraitinə ümumiyyətlə uyğun deyildir. Beləliklə, faiz dərəcələrinin

yüksək həddlərdə formalaşmasına görə məsuliyyətin böyük bir hissəsi ölkənin

sistemyaradıcı bankların üzərinə düşür.  Mövcud makroiqtisadi mühitdə, milli valyutada

depozitlər üzrə orta faiz dərəcəsi hazırki 9.27%-dən 5 – 5.25%-ə, Mərkəzi Bankın uçot

faiz dərəcəsi isə 4 – 4.25%-ə qədər endirilə bilər. Şühbəsiz ki, AMB-nin dəstəyi ilə

depozitlər üzrə faiz dərəcələrinin endirilməsində aparıcı rol ölkənin sistemyaradıcı

bankların üzərinə düşəcəkdir. Maliyyə resurslarına görə faizlərin enməsi, kreditlər üzrə

orta faiz dərəcələrini 9 - 10%-ə qədər ucuzlaşdırmaq imkanını yaradacaqdır. Kreditlər

üzrə faiz dərəcələrinin aşağı düşməsi, kredit portfelinin bütün bank sistemi üzrə daha da

sağlamlaşmasına və mümkün zərərlərin ödənilməsi üçün ayrılan ehtiyatların

azalmasına şərait yaradacaq. Belə olduğu halda, bankların faiz marjası və gəlirliyi

artaraq, kredit faizlərin perspektivdə daha da aşağı həddlərə endirilməsinə imkan

verəcəkdir.

Depozitlər üzrə faiz dərəcələrinin enməsi, investorların alternativ investisiya alətlərinə

marağını artıraraq, ölkənin qiymətli kağızlar bazarının inkişafına təkan verəcəkdir.

Şübhəsiz ki, mövcud mühitdə, investorun qiymətli kağızlar bazarında həmin gəliri əldə

etmək üçün əlavə risk götürmək marağı heç bir zaman olmayacaq.  Kapital bazarlarının

dərinləşdirilməsi, ölkədə biznes mühitinin inkişafına və rəqabətin artmasına şərait

yaradaraq, maliyyə resurslarının tədricən uçuzlaşmasına müsbət təsir göstərəcəkdir.

Əlavə məlumatlar üçün bu linkə daxil ola bilərsiniz: www.rmcapitalanalytics.com

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR