Azərbaycanda 1200-dən çox məhsula yeni tələblər hazırlanır
“Artıq ölkəmizdə qeyri-qida istehlak mallarının təhlükəsizliyini təmin etmək üçün yeni texniki tənzimləmə sistemi yaradılıb. Bu sistem məhsulun istehsalından istehlakçıya təqdim olunmasına qədər bütün mərhələləri əhatə edir”.
Sfera.az xəbər verir ki, bu sözləri Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev media nümayəndələri üçün təşkil olunan “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda keçirilən tədbirdəki çıxışı zamanı bildirib.
O qeyd edib ki, texniki tənzimləmə qida təhlükəsizliyindən fərqli olaraq, qeyri-qida istehlak mallarının təhlükəsizliyi ilə bağlı məsələləri əhatə edir:
“Burada əsas məqsəd məhsulların insanların həyat və sağlamlığına, eləcə də dövlətin iqtisadi maraqlarına təhlükə yaratmamasını təmin etməkdir. Yeni yanaşmada məhsulun keyfiyyəti ilə təhlükəsizliyi bir-birindən fərqləndirilir. Keyfiyyət istehlakçıların seçimindən və gözləntilərindən asılı olaraq dəyişə bilən anlayışdırsa, təhlükəsizlik dövlət tərəfindən müəyyən edilən məcburi tələblərlə tənzimlənir”.
Şöbə müdirinin sözlərinə görə, müasir beynəlxalq təcrübəyə əsasən, bütün məhsulların mütləq sertifikatlaşdırılması tələbi mövcud deyil. Bildirib ki, məhsulun təhlükəsizlik tələblərinə uyğunluğu akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müəyyənləşdirilir.
“2023-cü ildə təsdiq edilmiş dövlət proqramı çərçivəsində qeyri-qida istehlak mallarına dair milli texniki reqlamentlərin hazırlanması istiqamətində işlər aparılıb. Nəticədə 34 mal kateqoriyası və 1200-dən çox mal növü müəyyən edilib. Bu kateqoriyalara maşın və avadanlıqlar, oyuncaqlar, yüngül sənaye və mebel məhsulları, qazla işləyən avadanlıqlar, liftlər, attraksionlar, tütün məmulatları, ətriyyat-kosmetika vasitələri və digər məhsullar daxildir. Hazırda həmin sahələr üzrə 47 milli texniki reqlament layihəsi hazırlanıb. Layihələr aidiyyəti dövlət qurumları və maraqlı tərəflərlə müzakirə olunub, sahibkarların, istehlakçıların və xarici ticarətlə məşğul olan subyektlərin rəy və təklifləri nəzərə alınıb”, – o deyib.
E.Quliyev qüvvəyə minmiş reqlamentlər barədə də məlumat verib. Bildirib ki, qaz yanacağı ilə işləyən avadanlıqlara dair ilk milli texniki reqlament may ayında qəbul edilib və noyabrın 6-dan qüvvəyə minib:
“Bundan başqa, 2026-cı il oktyabrın 7-də oyuncaqlarla bağlı növbəti texniki reqlament qəbul olunub. Sənədin qüvvəyə minməsi üçün altı aylıq keçid müddəti nəzərdə tutulub. Bu müddət ərzində istehsalçılar, idxalçılar və satıcılar fəaliyyətlərini yeni tələblərə uyğunlaşdırmalıdırlar”.
İradə Elsevər
Sfera.az






