Logo

Çörəyimizin unu xaricdən gəlir - Buğda istehsalını artıra bilmirik

Çörəyimizin unu xaricdən gəlir - Buğda istehsalını artıra bilmirik
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın ərzaq təhlükəsizliyi baxımından qarşıya qoyduğu əsas hədəflərdən biri buğda istehsalını artırmaq və ölkənin bu məhsulla özünütəminetmə səviyyəsini 70 faizə çatdırmaqdır. Hazırda bu göstərici təxminən 55 faiz təşkil edir. Bu isə o deməkdir ki, ölkənin buğdaya olan tələbatının təxminən yarısı idxal hesabına ödənilir. Azərbaycan əsasən Rusiya və Qazaxıstandan buğda alır.

Bəs Azərbaycan niyə buğda istehsalında özünü tam təmin edə bilmir?

Bu haqda iqtisadçı Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, dünyada buğda ilə özünü təmin edən və hətta artıq məhsulunu ixrac edən ölkələrin sayı kifayət qədər çoxdur.

Onun sözlərinə görə, Rusiya, Qazaxıstan, Ukrayna, ABŞ və Avropanın bir sıra ölkələri bu baxımdan nümunə göstərilə bilər:

“Bu ölkələr daxili tələbatlarını ödədikdən sonra artıq istehsal etdikləri buğdanı xarici bazarlara satırlar. Azərbaycanın bu ölkələrdən buğda idxal etməsi də məhz istehsal imkanları ilə bağlıdır. Belə ki, ixracatçı ölkələr daxili ehtiyaclarını qarşılamaq üçün kifayət qədər məhsul istehsal etdikdən sonra qalan hissəni digər ölkələrə satırlar”.

Çörəyimizin unu xaricdən gəlir - Buğda istehsalını artıra bilmirik

X.Kərimli Azərbaycanın buğda ilə özünütəminetmə səviyyəsinin aşağı olmasının əsas səbəblərindən birinin torpaq ehtiyatlarının məhdud olması ilə əlaqələndirdi. Onun sözlərinə görə, Azərbaycanın ümumi torpaq fondu təxminən 2 milyon hektardan bir qədər çoxdur və bu ərazilərin hamısı əkin üçün yararlı deyil:

“Məsələ yalnız torpaqların sahəsi ilə də məhdudlaşmır. Mövcud əkin sahələrinin keyfiyyəti də yüksək məhsuldarlığa nail olmağa imkan vermir. Misal üçün, Ukraynanın və Rusiyanın böyük qara torpaq sahələri var. Bu torpaqların münbitliyi yüksəkdir, buğdanın məhsuldarlığı və keyfiyyəti də yaxşı olur. Azərbaycanda isə torpaqların keyfiyyəti ilə bağlı müəyyən problemlər var. Qara və dəmyə torpaqların sahəsi məhduddur. Bəzi ərazilərdə şoranlaşma müşahidə olunur. Bu da istehsal imkanlarına təsir edir.

Azərbaycanın buğda ilə özünütəminetmə göstəricisinin 55 faiz olması ölkənin ərzaqlıq buğdaya olan tələbatının da eyni səviyyədə daxili istehsal hesabına ödənilməsi demək deyil. İstehsal olunan buğdanın bir hissəsi ərzaq üçün deyil, heyvandarlıq və quşçuluqda istifadə edilən yemlərin hazırlanması üçün yararlıdır. Bu baxımdan, yerli istehsalın həcmi ilə keyfiyyətli ərzaqlıq buğda təminatını fərqləndirmək lazımdır.

Su ehtiyatları və suvarma imkanları da bu sahənin inkişafına mane olan əsas amillərdəndir. Azərbaycanda su təminatı ilə bağlı ciddi çətinliklər mövcuddur. Bu isə əkin sahələrinin suvarılmasını çətinləşdirir, istehsal xərclərini artırır və nəticədə məhsulun maya dəyərinə təsir göstərir”.

Onun fikrincə, bu problemlərin bir qismi təbii və obyektiv səbəblərlə bağlı olsa da, təsərrüfatların idarə olunması və mövcud imkanlardan səmərəli istifadə məsələsində insan amilinin də rolu böyükdür. Ekspert bildirdi ki, xüsusilə suvarma sistemlərinin inkişaf etdirilməsi, məhsuldarlığın artırılması və müasir aqrar üsulların tətbiqi hesabına daha yüksək nəticələr əldə etmək mümkündür:

“Buğda istehsalına ayrılan subsidiyaların səmərəliliyi də yenidən qiymətləndirilməlidir. Hər il bu sahəyə böyük həcmdə vəsait ayrılsa da, nəticədə ölkənin daxili tələbatı tam ödənilmir. Buna görə də subsidiyaların bütün əkin sahələri üzrə bölüşdürülməsi əvəzinə, daha məhsuldar və uyğun torpaqlara yönəldilməsi məqsədəuyğun olardı.

Məhsuldarlığın artırılması ilə yanaşı, xaricdən idxal edilən buğdanın strateji ehtiyatlarının yaradılmasına da diqqət yetirilməlidir. Əgər Rusiya və Qazaxıstan kimi ölkələr daha keyfiyyətli buğdanı daha aşağı xərclə istehsal edə bilirlərsə, Azərbaycanda iqtisadi baxımdan səmərəsiz istehsalı subsidiyalar hesabına davam etdirmək düzgün yanaşma deyil”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR