Akkreditasiya attestatlarının sayı açıqlandı
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün nəzərdə tutulmuş “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya, onun ictimai əhəmiyyəti və keyfiyyətin təmin olunmasında rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Sfera.az xəbər verir ki, Azərbaycan Akkreditasiya Mərkəzinin direktoru Emin Zeynalov çıxışı zamanı bildirib ki, hazırda ölkədə qüvvədə olan akkreditasiya attestatlarının ümumi sayı 369-dur.
Bu attestatlar sınaq və kalibrləmə laboratoriyalarını, sertifikatlaşdırma qurumlarını və inspeksiya orqanlarını əhatə edir.
Emin Zeynalovun sözlərinə görə, akkreditasiya attestatlarının verilməsi müvafiq qurumların müəyyən edilmiş tələblərə uyğunluğunu və texniki səriştəliliyini təsdiqləyir. Bu, bazarda keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərin təşviqinə, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir.
“Azərbaycan Akkreditasiya Mərkəzinin əsas məqsədi akkreditasiya sistemini beynəlxalq standartlara uyğun inkişaf etdirmək, uyğunluğun qiymətləndirilməsi qurumlarının səriştəliliyini təsdiqləmək və ölkədə keyfiyyət infrastrukturunu gücləndirməkdir”, - direktor bildirib.
O, həmçinin akkreditasiya sahəsində ictimai maarifləndirmənin genişləndirilməsində medianın rolunu vurğulayıb.
İradə Elsevər






