Dövlət büdcəsində YENİLİK: Vətəndaşlar üçün nə dəyişəcək?
Maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında dövlət büdcəsinin təsnifat sistemində dəyişikliklərin planlaşdırıldığını açıqlayıb.
Nazir bildirib ki, hazırda büdcənin iqtisadi təsnifatının beynəlxalq GFSM standartlarına uyğunlaşdırılması istiqamətində iş aparılır və yeni sistemin 2028-ci ilin dövlət büdcəsindən tətbiqi nəzərdə tutulur.
Bəs büdcə təsnifatının beynəlxalq standartlara uyğunlaşdırılması nə deməkdir? Adi vətəndaş bunun hansı faydalarını hiss edə biləcək?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən deputat Rövşən Muradov bildirib ki, dövlət büdcəsinin keyfiyyəti yalnız gəlir və xərclərin həcmi ilə ölçülmür:

“Dövlət büdcəsinin keyfiyyəti yalnız gəlir və xərclərin həcmi ilə ölçülmür. Əsas məsələ həmin vəsaitlərin iqtisadi mahiyyətinin, dövlətin yaratdığı aktivlərin və üzərinə götürdüyü öhdəliklərin nə dərəcədə düzgün əks olunmasıdır. Beynəlxalq Valyuta Fondunun Dövlət Maliyyə Statistikası Təlimatı - GFSM (Government Finance Statistics Manual) məhz bu məqsədə xidmət edən beynəlxalq metodoloji çərçivədir. Bu sistem dövlət maliyyəsini gəlirlər, xərclər, investisiyalar, aktivlər və öhdəliklər arasında əlaqə quraraq qiymətləndirməyə, ölkələrin fiskal göstəricilərini vahid prinsiplər əsasında müqayisə etməyə imkan verir. Əsas məqsəd dövlət maliyyəsinin real vəziyyətini daha dəqiq müəyyənləşdirmək, büdcə göstəricilərinin şəffaflığını artırmaq və ölkələrarası müqayisə üçün etibarlı statistik baza yaratmaqdır”.
Parlamentari qeyd edib ki, Azərbaycanda nəzərdə tutulan dəyişiklik bu yanaşmanın milli büdcə təsnifatına tətbiqidir:
“Azərbaycanda nəzərdə tutulan dəyişiklik bu yanaşmanın milli büdcə təsnifatına tətbiqidir. Büdcə xərclərinin funksional və inzibati təsnifatları artıq yenilənib, iqtisadi təsnifatın təkmilləşdirilməsi isə davam etdirilir. Bu dəyişiklik büdcə vəsaitlərinin təyinatı, iqtisadi məzmunu və istifadəsinə məsul qurumlar üzrə daha sistemli bölgüsünə şərait yaradacaq. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı yenilənmiş təsnifatların 2027-ci ildə sınaqdan keçirilməsini, 2028-ci il yanvarın 1-dən tətbiqini nəzərdə tutur. Hədəf büdcə təsnifatının GFSM metodologiyasına uyğunluğunu 95 faizə çatdırmaqdır. Yeni yanaşmanın iqtisadi mahiyyəti dövlət vəsaitlərinin təyinatı, istifadə istiqaməti və maliyyə nəticələrinin bir-biri ilə əlaqələndirilməsidir. Funksional təsnifat hansı ictimai ehtiyacın maliyyələşdirildiyini, iqtisadi təsnifat vəsaitin hansı əməliyyata sərf olunduğunu, inzibati təsnifat isə cavabdeh qurumu müəyyənləşdirir. Məsələn, xəstəxanaya ayrılan vəsaitin əməkhaqqına, tibbi avadanlıqlara və yeni binanın tikintisinə yönəldilən hissələri fərqli iqtisadi məzmun daşıyır. Tikinti və avadanlıq investisiyası uzunmüddətli aktivlər formalaşdırdığı halda, əməkhaqqı cari fəaliyyətin maliyyələşdirilməsinə xidmət edir. Üstəlik, yeni infrastruktur gələcək illərdə əlavə saxlanma xərcləri yaradır. Bu səbəbdən investisiyalarla cari xərclərin əlaqəli təhlili büdcə planlaşdırılmasında xüsusi əhəmiyyət daşıyır”.
R.Muradov vurğulayıb ki, GFSM-in mühüm üstünlüklərindən biri də pul hərəkəti ilə iqtisadi öhdəliyin yaranmasını fərqləndirməsidir:
“GFSM-in mühüm üstünlüklərindən biri də pul hərəkəti ilə iqtisadi öhdəliyin yaranmasını fərqləndirməsidir. Dövlətin kredit götürməsi adi gəlir artımı kimi qiymətləndirilmir, borc öhdəliyi yaradır. Borcun əsas məbləğinin qaytarılması isə cari fəaliyyət xərci ilə eyniləşdirilmir. Aktivlərlə öhdəliklər arasındakı fərqin, yəni dövlətin xalis sərvətinin qiymətləndirilməsi maliyyə dayanıqlığının daha dolğun təhlilinə imkan verir. Beynəlxalq təcrübədə, xüsusilə Avropa İttifaqının ESA 2010 statistika sistemində oxşar prinsiplər dövlət maliyyəsinin müqayisəli qiymətləndirilməsində tətbiq olunur. Azərbaycan üçün bu uyğunlaşma büdcə göstəricilərinin beynəlxalq müqayisəliliyini artırmaqla yanaşı, fiskal risklərin müəyyənləşdirilməsi və maliyyə qərarlarının əsaslandırılması baxımından əhəmiyyətlidir”.
“Vətəndaş üçün əsas yenilik dövlət vəsaitlərinin hansı sahəyə ayrıldığını, konkret nəyə xərcləndiyini və hansı iqtisadi nəticəyə xidmət etdiyini daha aydın izləmək imkanının yaranmasıdır. Bunun praktik səmərəsi büdcə məlumatlarının açıqlığı, hesabatların keyfiyyəti və xərclərin nəticəliliyinin qiymətləndirilməsi ilə müəyyənləşəcək. İslahatın əsas iqtisadi əhəmiyyəti dövlət vəsaitlərinin hərəkətini daha dəqiq əks etdirən, maliyyə intizamını və hesabatlılığı gücləndirən idarəetmə mexanizminin formalaşdırılmasıdır. Nəticə etibarilə, bu islahatın strateji əhəmiyyəti dövlət maliyyəsində şəffaflığı, hesabatlılığı və uzunmüddətli fiskal dayanıqlığı gücləndirəcək daha təkmil informasiya bazasının formalaşdırılmasıdır”,– deyə parlamentari vurğulayıb.
Şahanə Ziyad
Sfera.az






