Azərbaycan meşə fındığı ixracından gəlirini 16 % artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 11,25 min ton meşə fındığı ixrac edib.
Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meşə fındığının dəyəri 116,5 milyon ABŞ dolları olub.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2,2 min ton (16 %) az, dəyər baxımından isə 16,1 milyon ABŞ dolları (16 %) çoxdur.
Hesabat dövründə meşə fındığı ixracından əldə edilən gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,4 %-ni təşkil edib.
9 ayda Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.
Son nəticədə xarici ticarətdə 10 milyard 519 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,7 dəfə çoxdur.






