Qlobal bazarlarda "Hörmüz sınağı": Neft daha da bahalaşacaq

Qlobal bazarlarda "Hörmüz sınağı": Neft daha da bahalaşacaq
Kateqoriya məlum deyil
T

İranın Hörmüz boğazını yaxın vaxtlarda tamamilə bağlaya biləcəyi ilə bağlı məlumatlar qlobal enerji bazarında mümkün yeni təchizat böhranı ilə bağlı narahatlıqları artırır.

Bəs boğazın bağlanması neft daşımalarına, dünya bazarında qiymətlərə və enerji təhlükəsizliyinə ciddi təsir göstərə bilərmi?

Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə davam edən münaqişə qlobal enerji sistemində uzunmüddətli dəyişikliklərə səbəb olub.

Onun sözlərinə görə, yaranmış vəziyyət təkcə neft və qaz təchizatına deyil, həm də daşınma marşrutlarına, emal güclərinə və enerji bazarlarının təhlükəsizliyinə təsir göstərir:

“Hörmüz boğazında yaranan məhdudiyyətlər qlobal neft bazarında təchizat, daşınma və emal böhranlarını dərinləşdirə bilər. Dünya bazarına çıxarılan neftin həcminin azalması emal müəssisələrinin xammalla təminatını çətinləşdirir, bu isə neft məhsullarının qiymətlərinin artmasına gətirib çıxarır. Boğazda təhlükəsizlik risklərinin artması neft tankerlərinin daha uzun marşrutlardan istifadə etməsinə, daşınma müddətinin uzanmasına və eyni həcmdə neftin çatdırılması üçün daha çox tankerə ehtiyac yaranmasına səbəb ola bilər. Bu amillər təchizat xərclərini artırmaqla yanaşı, bazarda əlavə qiymət təzyiqi yaradır”.

Ekspert vurğulayıb ki, qlobal neft ehtiyatlarının azalması bazarın yeni təchizat kəsintilərinə qarşı imkanlarını məhdudlaşdırır. Onun fikrincə, Hörmüz boğazının tam bağlanması isə mövcud problemləri daha da dərinləşdirərək neftin qiymətində kəskin artıma səbəb ola bilər:

“Təchizat, daşınma və emal problemləri aradan qalxmadığı təqdirdə neft qiymətlərinin aşağı düşməsi çətinləşəcək və dünya bazarı 2027-ci ilə yüksək qiymətlərlə daxil ola bilər. Belə şəraitdə yüksək neft qiymətləri Azərbaycana da əlavə gəlirlər gətirəcək”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR