Çinlə ticarətdə kəsir verən ölkələr: Siyahıda Azərbaycan da var

Çinlə ticarətdə kəsir verən ölkələr: Siyahıda Azərbaycan da var
Kateqoriya məlum deyil
T

Çinin xarici ticarət profisiti (ixracın idxalı üstələməsi), ilin ilk doqquz ayında 938 milyard dollara çatıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 138 milyard dollar artıb. Bu artım göstərir ki, Çin keçən il xarici ticarət profisitində qırdığı rekordu 2026-cı ildə təzələyəcək.

Sfera.az xəbər verir ki, Çin Baş Gömrük İdarəsinin çərşənbə günü açıqladığı məlumatlara görə, ilin ilk 9 ayında Çinin ümumi ticarət həcmi 5,97 trilyon dollar olub. Bunun 3,37 trilyon dolları ixrac, 2,43 trilyon dolları idxaldan ibarətdir.

Sentyabrda aylıq ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz artaraq fevral ayından bəri ən sürətli yüksəlişini edib. Bu ayda ixrac 314 milyard dollara çatıb.

Rəqəmlər göstərir ki, ABŞ Prezidenti Donald Trampın ötən il başlatdığı gömrük tarifləri Çinin qlobal ticarət əlaqələrini nəinki zəiflətməyib əksinə daha da artırıb.

Artımın səbəbi ABŞ bazarında maneələrlə qarşılaşan Çin şirkətlərinin yeni ixrac bazarlarına yönəlməsidir. Eyni zamanda, süni intellekt xidmətləri və çip kimi məhsullara olan qlobal tələbat da ixracı artırıb.

Beynəlxalq Valyuta Fondu təxmin edir ki, yönü dəyişən ticarət axınının təxminən yarısı Asiyanın inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarına, təxminən beşdə biri isə Avropa İttifaqına tərəf yönəlib.

İxracın sürətlə böyüməsi Çinin ən böyük ticarət tərəfdaşlarının etirazlarına səbəb olur. Avropa İttifaqı ilə Çin, aylarla sürən danışıqlardan sonra Çindən hibrid avtomobil idxalına kvota (məhdudiyyət) qoyulması barədə razılığa gəliblər. Pekin isə bu razılığı avtomobil istehsalçıları üçün ixrac sahəsi və sabit böyümə təmin edən bir addım kimi qiymətləndirib.

Çinin Avropa İttifaqı ilə ticarət profisiti sentyabrda rekord həddə – 34,8 milyard dollara çatıb. Bu məbləğ ötən ilin eyni ayı ilə müqayisədə təxminən 21 faiz çoxdur.

"Goldman Sachs" iqtisadçılarının fikrincə, Çin ilə ticarətdə ümumi daxili məhsulunun (ÜDM) 3 faizindən çoxu həcmində kəsir verən ölkələrin sayı 2005-ci ildən bəri üç dəfədən çox artaraq 82-yə yüksəlib. İqtisadçılar bu ölkələrin çoxunun azgəlirli və inkişaf etməkdə olan dövlətlər olduğunu qeyd edirlər.

Məlumatlara görə, Çinlə ticarətdə ən çox kəsir verən ölkələr ABŞ, Honq Konq, Hindistan, Vyetnam, Avropa İttifaqıdır (xüsusilə Niderland və Polşa).

Azərbaycan da bu ölkələrin sırasındadır. Azərbaycanla ticarətdə də üstünlük Çinə məxsusdur. 2026-cı ilin yanvar-avqust aylarına aid olan məlumata əsasən, Azərbaycanın Çindən idxalı 2,92 milyard dollar, ixracı 74 milyon dollar təşkil edib. İki ölkə arasında ticarət fərqi 2,846 milyard dollardır. Bu məbləğ Azərbaycanın səkkizaylıq ÜDM-nin (51,6 milyard dollar) 5,52 faizinə bərabərdir. Bu onu göstərir ki, Çinlə ticarətdə böyük kəsir verən 82 ölkədən biri də Azərbaycandır.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR