Azərbaycan Kambocadan nə alır? - Bu ölkəyə ixracımız yoxdur
Azərbaycan ilə Kamboca arasında ticarət dövriyyəsi artsa da, iqtisadi əlaqələrdə əsas diqqət çəkən məqam ölkələr arasında ixrac balansının Azərbaycanın xeyrinə olmamasıdır. Belə ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12,7 milyon dollar təşkil edib və bu məbləğin hamısı Kambocadan Azərbaycana idxalın payına düşüb. Azərbaycan məhsullarının isə hələlik bu ölkənin bazarına çıxışı qeydə alınmayıb.
Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
Deputat qeyd edib ki, Azərbaycan ilə Kamboca arasında münasibətlərin 30 ildən artıq tarixi olsa da, ticarət əlaqələrindəki dəyişikliklər əsasən son illərə təsadüf edir:
“Uzaq Asiya ölkəsi ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. 2026-cı ilin ilk səkkiz ayında da oxşar vəziyyət müşahidə olunub. Bu dövrdə Kambocadan Azərbaycana 7,2 milyon dollarlıq məhsul idxal edilsə də, ölkəmizdən Kambocaya ixrac qeydə alınmayıb.
Azərbaycana Kambocadan 201 adda məhsul gətirilib. İdxal olunan mallar arasında qadınlar üçün kimyəvi saplardan hazırlanan palto, yarımpalto, plaş və digər geyimlər 1,075 milyon dollar, pambıq ipliyindən toxunmuş şalvar və kombinezonlar 835 min dollar, kimyəvi saplardan hazırlanan sviter, pulover, jilet və digər trikotaj məmulatları 558 min dollar, kişilər üçün analoji geyimlər isə 555 min dollar dəyərində olub. Bu göstəricilər Kambocadan idxalda yüngül sənaye məhsullarının əhəmiyyətli yer tutduğunu göstərir”.

Vüqar Bayramov hesab edir ki, mövcud vəziyyətdə Azərbaycanın qeyri-neft-qaz məhsullarının Kamboca bazarına çıxarılması prioritet istiqamətlərdən biri olmalıdır. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarında birgə ticarət işçi qrupunun yaradılmasını nəzərdə tutan çərçivə sazişinin hazırlanması barədə razılığa gəlindiyini açıqlayıblar.
Deputatın fikrincə, bu razılaşma iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinə, eləcə də Azərbaycan məhsullarının Kamboca bazarına çıxış imkanlarının artmasına şərait yarada bilər.
Firuzə Əliyeva






