Sentyabrda tərəvəzlər bahalaşıb - SƏBƏBLƏR
2026-cı ilin sentyabrında tərəvəzlərin qiymət səviyyəsində ciddi artım baş verib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sentyabrda tərəvəz məhsullarının ümumi qiymət səviyyəsi avqusta nisbətən 6,9 faiz yüksəlib.
Sfera.az xatırladır ki, aylıq müqayisədə tərəvəzlərdə bahalaşma avqustdan müşahidə edilir.
Avqustda tərəvəzlərin qiymət səviyyəsi 0,3 faiz yüksəlmişdi.
Amma iyulda tərəvəzlər 4,2 faiz, iyunda 6,7 faiz ucuzlaşmışdı.
Sentyabrda tərəvəzlərin bahalaşması birbaşa mövsümi amillərlə bağlıdır. Ötən ayda yay mövsümünə xas olan bol və ucuz açıq sahə tərəvəzlərinin yığımının önəmli hissəsi başa çatıb. Bazarda təklif azaldığı üçün qiymətlər təbii olaraq yüksəlir.
Payızın gəlişi ilə bazara daha çox istixana (parnik) şəraitində yetişdirilən məhsullar daxil olur. İstixanalarda isə enerji, işıqlandırma və qulluq xərcləri yüksək olduğundan məhsulun maya dəyəri artır.
Bu il mövsüm ərzində müşahidə olunan qeyri-sabit hava şəraiti və bəzi bölgələrdə məhsulların xəstəliyə məruz qalması da ümumi məhsuldarlığı aşağı salaraq qiymət artımını stimullaşdırıb. Sentyabrda güclü yağışlar məhsuldarlığa ciddi problem yaradıb.
Sentyabrda həmçinin tərəvəz ixracı da artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində tərəvəz ixracı 13,6% artıb. Keyfiyyətli məhsulların böyük hissəsinin xarici bazarlara yönəlməsi daxili bazarda müəyyən qıtlıq və bahalaşma yaradır.
Qarşıdakı soyuq aylarda istixana xərclərinin daha da artması ilə tərəvəz qiymətlərində yuxarı doğru meyil davam edə bilər.
Vasif






