Azərbaycanda neft istehsalında azalma dayanacaq - Tarix AÇIQLANDI

Azərbaycanda neft istehsalında azalma dayanacaq - Tarix AÇIQLANDI
Kateqoriya məlum deyil
T

ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanın 2027-ci il üzrə orta gündəlik neft hasilatı proqnozunu artırıb. Administrasiya gələn il Azərbaycanda gündəlik orta neft hasilatının 530 min barel olacağını gözləyir. Bu, sentyabr proqnozu ilə müqayisədə 10 min barel çoxdur.

Bəs hasilat proqnozundakı bu artım Azərbaycan iqtisadiyyatı üçün nə vəd edir və 530 min barellik göstərici nə dərəcədə realdır?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimli bildirib ki, EIA-nın proqnozu müsbət siqnal olsa da, 10 min barellik artımı neft sektorunda ciddi dönüş kimi qiymətləndirmək düzgün deyil.

Onun sözlərinə görə, bu, gündəlik hasilat proqnozunun təxminən 1,9 faiz artırılması deməkdir:

“Daha önəmli məqam isə Azərbaycanın neft hasilatında uzun müddətdir müşahidə olunan azalma trendinin davam etməsidir. EIA-nın məlumatlarına əsasən, ölkədə gündəlik orta neft hasilatı 2024-cü ildə 600 min, 2025-ci ildə 570 min barel olub. 2026-cı il üçün isə bu göstəricinin 550 min barel olacağı proqnozlaşdırılır. Bu baxımdan 2027-ci il üçün 530 min barellik göstərici artımdan daha çox hasilatın müəyyən səviyyədə sabitləşməsi kimi qiymətləndirilə bilər.

Gündəlik 10 min barel əlavə hasilat illik hesablamada təxminən 3,65 milyon barel əlavə neft deməkdir. Neftin qiymətindən asılı olaraq bu, Azərbaycanın ixrac və dövlət gəlirlərinə əlavə imkan yarada bilər. Lakin əsas məsələ hasilatın bu səviyyədə nə qədər davamlı olacağıdır. Yataqların təbii tükənməsi, quyuların məhsuldarlığı, yeni investisiyalar və texniki tədbirlər hasilatın gələcək dinamikasına birbaşa təsir göstərir”.

Asif İbrahimlinin sözlərinə görə, hazırda dünya bazarında neft qiymətlərinin yüksək olması əlavə hasilatın əhəmiyyətini artırsa da, bu vəziyyəti uzunmüddətli trend kimi qəbul etmək olmaz:

“EIA 2026-cı ilin son rübündə Brent markalı neftin orta qiymətini 105 dollar, 2027-ci il üçün isə 84 dollar səviyyəsində proqnozlaşdırır. Bu isə gələn il qiymətlərin tədricən aşağı düşə biləcəyi və Azərbaycanın neft gəlirlərinin təkcə hasilat həcmindən deyil, dünya bazarındakı qiymətlərdən də asılı olaraq dəyişəcəyi anlamına gəlir.

Azərbaycanın əsas hədəfi yalnız hasilatın azalmasını müvəqqəti dayandırmaq deyil, mövcud yataqların səmərəliliyini artırmaq, yeni hasilat imkanları yaratmaq və əldə olunan neft gəlirlərini qeyri-neft sektorunda dayanıqlı iqtisadi dəyərə çevirmək olmalıdır. Onun fikrincə, hasilatın 600 mindən 570 minə, daha sonra 550 min barelə düşməsi fonunda 530 min barellik proqnozu böyük uğur kimi təqdim etmək real mənzərəni tam əks etdirmir. Əlavə 10 min barel müəyyən maliyyə imkanları yaratsa da, Azərbaycanın iqtisadi gələcəyi baxımından əsas məsələ həmin gəlirlərin nə dərəcədə səmərəli və uzunmüddətli nəticəyə çevrilməsidir”.

Firuzə Əliyeva

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR