Bakıda fərdi evlər bahalaşır - Ekspert səbəbləri AÇIQLADI

Bakıda fərdi evlər bahalaşır - Ekspert səbəbləri AÇIQLADI
Kateqoriya məlum deyil
T

Bakıda fərdi yaşayış evlərinin qiyməti sentyabr ayında illik müqayisədə 13,5 faiz, aylıq müqayisədə 1,2 faiz artıb. Ən yüksək bahalaşma Səbail rayonunda qeydə alınıb.

Daşınmaz əmlak eksperti Vüqar Oruc Sfera.az-a açıqlamasında bildirib ki, qarşıdakı aylarda da fərdi yaşayış evlərinin qiymətində artımın davam edəcəyi gözlənilir.

Ekspertin sözlərinə görə, qiymət artımının əsas səbəblərindən biri Bakıda torpaq sahələrinin məhdud olmasıdır:

“Torpağın qiymətinin yüksəlməsi fərdi yaşayış evlərinin ümumi dəyərinə birbaşa təsir göstərir. Fərdi yaşayış evlərinin qiyməti həm torpaq, həm də tikinti xərclərindən formalaşır. Tikinti materiallarının və işçi qüvvəsinin bahalaşması, əməkhaqlarının artması, eləcə də inflyasiya tikintinin maya dəyərini yüksəldir”.

Ekspert sentyabr ayında qiymətlərin 1,2 faiz artmasının bazarda bahalaşma prosesinin davam etdiyini göstərdiyini vurğulayıb. Onun fikrincə, illik 13,5 faizlik artım da bu tendensiyanın növbəti dövrdə davam edə biləcəyini göstərir:

“Qiymət artımında ərazilər üzrə fərqlər də qalır. Mərkəzdə və mərkəzə yaxın, infrastrukturu inkişaf etmiş ərazilərdə fərdi yaşayış evlərinə tələbat daha yüksəkdir. Səbail rayonunda Badamdar, Bayıl və İçərişəhər kimi ərazilərdə torpaq və daşınmaz əmlak qiymətlərinin yüksək olması, həmçinin söküntü proseslərindən sonra inşa edilən yeni binaların qiymətləri də ümumi bazara təsir göstərir”.

Ekspert deyib ki, infrastrukturu daha yüksək inkişaf etmiş rayonlarda bahalaşma tempi daha sürətli, orta səviyyəli rayonlarda isə nisbətən aşağı olur. İnkişaf səviyyəsi daha zəif olan rayonlarda da qiymət artımı müşahidə edilsə də, bu ərazilər lider rayonlardan geri qalır:

“Növbəti aylarda və gələn il fərdi yaşayış evlərinin qiymətində artım davam edəcək. Buna torpağın, tikinti resurslarının və işçi qüvvəsinin bahalaşması, həmçinin manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər təsir göstərə bilər”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR