Neftin bahalaşması maaş artımına təsir etməyib

Yaxın Şərqdəki vəziyyətin yaratdığı enerji şoku hələlik avrozonada digər məhsulların qiymətlərinə və əməkhaqlarının artım tempinə təsir göstərməyib.
Lakin bu təsirlərin sonradan ortaya çıxması istisna edilmir.
Sfera.az xəbər verir ki, bunu Finlandiya Mərkəzi Bankının rəhbəri və Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Olli Ren Helsinkidə keçirilən tədbirdə deyib. O.Ren bildirib ki, belə təsirlər tədricən və hiss olunmadan özünü göstərə bilər. Onun sözlərinə görə, Yaxın Şərqdə münaqişə nə qədər uzun davam edərsə, enerji qiymətlərinin artmasının iqtisadiyyatın digər sahələrinə daha geniş təsir göstərməsi riski də bir o qədər yüksəlir. “Avrozonanın iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir, baxmayaraq ki, artım tempi zəif olaraq qalır.
Yüksək tələbat şirkətlərə artan xərclərin bir hissəsini istehlakçıların üzərinə keçirməyə imkan verir. Bu isə enerji şokunun inflyasiyaya daha geniş təsir göstərməsi riskini artırır”, – o qeyd edib.
O.Ren əlavə edib ki, uzunmüddətli faiz dərəcələrinin yüksəlməsi iqtisadi artımı zəiflədir. Bu da enerji qiymətlərinin bahalaşmasının digər məhsulların qiymətlərinə və əməkhaqlarına təsirini müəyyən qədər məhdudlaşdırır.
Qeyd edək ki, AMB Yaxın Şərqdə hərbi əməliyyatların başlamasından sonra inflyasiyanın sürətlənməsi fonunda borclanmanın dəyərini iki dəfə artırıb. Sonuncu artım sentyabr ayında baş verib. Hazırda avrozonada depozit faiz dərəcəsi 2,5 faiz təşkil edir. AMB-nin növbəti iclası oktyabrın 29-da keçiriləcək.
Firuzə Əliyeva






