Almaniyanın dövlət borcu rekord səviyyəyə çatdı - Yeni MƏBLƏĞ

Almaniya Federal Statistika Ofisi 2026-cı ilin ikinci rübünə dair dövlət borcu üzrə ilkin məlumatları açıqlayıb.
Sfera.az xəbər verir ki, ikinci rübdə federal, əyalət, sosial sığorta fondları, bələdiyyə və bələdiyyə birlikləri səviyyəsində — bütün əsas və əlavə büdcələr də daxil olmaqla qeyri-dövlət qurumlarına olan borc 26,3 milyard avro artıb.
Beləliklə, dövlət borcu birinci rübün sonu ilə müqayisədə 1 faiz yüksələrək 2 trilyon 753,5 milyard avroya çatıb.
Sözügedən dövrdə federal dövlət borcu 20,5 milyard avro artaraq 1 trilyon 907,1 milyard avroya yüksəlib. Federal borclanmadakı bu artımda xüsusilə infrastruktur və müdafiə sənayesinə yönəlmiş iki böyük xüsusi fondun xərcləri həlledici rol oynayıb.
Bu dövrdə "İnfrastruktur və İqlim Neytrallığı Xüsusi Fondu"nun borc məbləği əvvəlki rüblə müqayisədə 39,1 faiz artıb. Sözügedən fondun borc yükü 13,8 milyard avroluq artımla 48,9 milyard avroya çatıb. Almaniya Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün ayrılan "Almaniya Silahlı Qüvvələri Xüsusi Fondu"nun borc yükü isə rüblük əsasda 8,8 faiz artıb.
Qeydə alınan 4,2 milyard avroluq yüksəlişlə birlikdə hərbi fondun ümumi borcu 51,6 milyard avroya çatıb. Əyalətlərin borcu isə 0,5 faiz (2,9 milyard avro) artaraq 646,2 milyard avroya yüksəlib.
Vasif






